BAKI, 22 yanvar — Sputnik. Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası keçirilib.
Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu, sıradan bir tamaşa olmayıb, çox önəmli bir hadisəyə — operanın ilk tamaşasının 110 illiyinə həsr edilmiş yubiley tamaşası olub.
Azərbaycanda və müsəlman Şərqində operanın ilk nümunəsi olan "Leyli və Məcnun" dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb və elə həmin il yanvar ayında ilk dəfə səhnəyə qoyulub. Dahi bəstəkarın bu ölməz əsəri yarandığı vaxtdan indiyə kimi fasiləsiz olaraq 110 ildir ki, Opera və Balet Teatrımızın repertuarındadır. Bu illər ərzində milli muğam sənətimizin əksər tanınmış və görkəmli nümayəndələri tamaşada baş rolları — Leyli və Məcnun partiyalarını ifa edib və etməkdədir. Onlardan bəziləri bu rollara artıq möhürlərini vurub və tamaşaçıların sevimlisinə çevriliblər.
Bazar günü baş tutan yubiley tamaşasında da belə ifaçılardan biri — Xalq artisti, Prezident mükafatçısı, "Şöhrət" ordenli, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov çıxış edib. Onun tərəf müqabili — Leyli rolunu isə tələbəsi — gənc, lakin çox istedadlı müğamçı Arzu Əliyeva ifa edib.
Tamaşada, həmçinin Azərbaycan Respublikasının Əməkdar artistləri Cahangir Qurbanov (Nöfəl), Təyyar Bayramov (İbn-Səlam), Xalq artisti Sabir Əliyev, eləcə də Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov, Vüqar Əliyev çıxış ediblər.
Qeyd edək ki, tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.