Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 19 yanvar — Sputnik. Yanvarın 18-də Şamaxı rayonunda çoban öz həmkarını güllələyib. Bu barədə Sputnik Azərbaycan-a Şamaxı rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qətlin qurbanı 1980-ci il təvəllüdlü Hacıyev Zaur Seyidağa oğlu olub. O, Acıdərə yaşayış massivində, 1996-cı il təvəllüdlü Bünyatov Natiq Şirbala oğlunun evində ölüb.
Bünyatov Hacıyevi yaxın məsafədən ov tüfəngi ilə vurub və kəllə sümüyünü qırıb. Sonra qatil cinayətin törədildiyi yerdən qaçaraq gizlənib, lakin Şamaxı RPİ-nin əməliyyatçıları tərəfindən saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılmış şəxsin etiraf etdiyinə görə, Hacıyev sərxoş halda onun evinə gələrək deyib ki, Bünyatov onun qoyununu oğurlayıb. Elə bununla da çobanlar arasında münaqişə yaranıb və Hacıyev Bünyatovu təhqir edib. Bundan sonra Bünyatov tüfəngə əl atıb.
Eyni zamanda hüquq-mühafizə orqanları yerli KİV-də çobanlar arasında münaqişənin it üstündə düşdüyü və Hacıyevin yeddi güllə ilə öldürüldüyü barədə yayılmış məlumatları təkzib edib. "Atəş yaxın məsafədən açılıb. Nəticədə Hacıyevin sifəti dağılıb" — deyə hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.
Hadisə ilə bağlı AR CM-nin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət içi açılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.