Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun artıq rəsmən qüvvəyə minib. Qanunda tütündən istifadə (siqaret çəkmə) ilə bağlı çox ciddi məhdudiyyətlər var. Əsas məsələ qadağanın tətbiq ediləcəyi yerlərdir. Qadağan edilən yerlərdə, xüsusilə kafe, restoranlarda, qapalı yerlərdə, dayanacaqlarda və başqa məkanlarda siqaret çəkməyə görə məsuliyyət (30 manat cərimə) də var. Qanun tam işləməsə də, artıq bəzi məkanlarda siqaret çəkənlərə ciddi xəbərdarlıq edilir.
Sputnik Azərbaycan sosial şəbəkə istifadəçiləri arasında yeni qanunun qüvvəyə minməsindən sonra hökm sürən vəziyyətlə bağlı sorğu keçirib. İstifadəçilərə "Qapalı yerlərdə siqaret çəkmək qadağan ediləndən sonra ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı xəbərdarlıq və ya cərimə tətbiq edilməsi faktı ilə rastlaşmısınız" sualı ünvanlanıb. Sualımıza verilən cavabları təqdim edirik:
Rauf Alagözov: "Bu qanun da bəzi qanunlar kimi kağız üzərində qalacaq. Qanunun tələbi olduğu kimi yerinə yetirilsə, çox müsbət haldır, lakin siqaret çəkilmək üçün xüsusi yerlər yoxdur. Belə məkana ancaq hava limanında rast gəlmişəm".
Nemət Orucov: "Ötən gün Nəsimi rayonunda yerləşən kafelərin birində əyləşmişdik. Siqareti yandırmaq istəyəndə yaxınlaşıb dedilər ki, içəridə siqaret çəkmək olmaz. Sonra diqqətlə baxıb gördüm ki, siqaret çəkənlərin cərimə ediləcəyi haqda elan vurulub. Bu səbəbdən də çıxıb çöldə çəkməli oldum. Qanun təzə olduğu üçün icrası bir qədər çətindir. Amma bəyənirəm yeni qanunu".
Səməd Ağayev: "Cərimə edildiyinin şahidi olmamışam. Amma qadağa tətbiq edilir. Doğrusu, bundan dolayı çox xoşbəxtəm. Son 1 həftə ərzində rayondan tutmuş Bakıya qədər hər yerdə bu qanuna əməl olunduğunu müşahidə etmişəm".
Mahir Orucov: "Zənnimcə, doğru, düzgün, hətta gecikmiş qərardır. Mən özüm də siqaret çəkirəm və hər zaman da məsuliyyətimi dərk etmişəm. Xüsusilə uşaqlar olan ərazidə siqaret çəkənləri daha da ağır şəkildə cərimələmək lazımdır. Hətta, evin içində də siqaret çəkənlərə rast gəlmək olur, bunlara qarşı isə daha amansız olmaq lazımdır".
Azər Həsrət: "Mən hər gün qayda pozuntusunun şahidi oluram. 3 gün öncə 81 saylı avtobusun sürücüsü sükan arxasında siqaret çəkirdi".
Əkbər Əsədov: "Qanunla qadağa olmayan vaxtlarda da siqaret çəkən zaman ətrafımda olanları narahat etməməyə çalışırdım. Hələ ki, cərimə olunma halları ilə rastlaşmamışam".
Rüstəm Musayev: "Bütün qapalı məkanlarda yazıblar ki, "siqaret çəkmək qadağandır". Amma siqaret çəkirlər. Biri mən özüm. Hələ cərimə ilə rastlaşmamışam".
Aytac Sanıyeva: "Universitetin dəhlizində siqaret çəkənlərə qadağa qoyulmasına baxmayaraq, tələbələrlə yanaşı müəllimlər də siqaret çəkirdi. 70 yaşlı müəllimin siqareti çəkməsi bir yana, çəkdikdən sonra kötüyünü də yerə atırdı. Həmin vaxt ağlımdan keçən ilk şey kötüyü götürüb həmin müəllimə vermək və "müəllim, bu sizindir, yerə düşdü" olurdu". Rayona gedən avtobusda sürücünün siqaret çəkməsi isə mənə görə tam bir müsibətdir. Sürücünün yanında olan pəncərə açıq olur və külək siqaretin tüstüsünü içəri vurur. Kiməsə bu haqda deyəndə deyir ki, "6-7 saatlıq yoldur, bəs nə etsin, harada çəksin?".
Ruslan İbrahimli: "Göyçayda, başqa ictimai yerləri deyə bilmərəm, qapalı çayxanalarda siqaret çəkmirlər".
Cəmilə Hüseynova: "30 manatı stolun üstünə qoyub çəkənlər var. Bəziləri var ki, bu qərarla razı olmur və səs-küy salırlar, ancaq tezliklə alışacaqlar. Amma siqaret çəkənlər restoranda az oturacaqlar. Çünki məcbur olub tez-tez çölə çıxaraq siqaret çəkmək heç kimə rahat deyil".
Şaiq Çələbi: "Çayxanalarda içəridə siqaret çəkmirlər artıq. Əvəzində hamı çıxır çöldə çəkir, mən getdiyim küçə başdan-ayağa siqaret kötükləridir".