Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Çöl ördəyindən hazırlanan “Döşəmə plov”

Abunə olmaq
Lənkəranda mövsümə uyğun bir çox yeməklər bişirilir. Qışda isə ən çox sevilən və hətta bu mövsümün şahı sayılan ördəkdən hazırlanan “Döşəmə plov”dur. “Döşəmə plov”u bizlər üçün bu dəfə Sütəmurdov kənd sakini Gülzar Həsənova bişirəcək.

Gülzar xanım "Döşəmə plov"un bişirilmə qaydasını və reseptini Sputnik Azərbaycan-la paylaşdı.

Lazım olan ərzaqlar:

200 qram qoz içi,
200 qram soğan,
2 ədəd çöl ördəyi,
adam sayına görə düyü,
istiot,
duz,
palçıq turşusu.

Hazırlanma qaydası:

Düyü adambaşına bir stəkan miqdarında ölçülür. Ördəklər təmizlənib yuyulur. Ləvəngi ənənəvi qaydada hazırlanır. Ardınca ördəklər plovun altına qoyulması və yaxşı bişməsi üçün sinə hissəsindən bölünür. Sonra isə ördəklərə istiot, duz və palçıq turşusu vurulur. Ardınca düyünün bir hissəsi qazanın dibinə sərilir və öncədən hazırlanmış ləvəngi düyünün üzərinə qaşıqla yayılır. Ləvənginin üstünə isə turşulanıb hazırlanmış ördəklər qoyulur. Daha sonra yerdə qalan ləvəngi ördəklərin içinə yayılır və qalan düyü ördəklərin üzərinə əlavə edilərək döşənir. Bişirilən plovun miqdarına uyğun duz və su əlavə edilir.

"Döşəmə plov" bişməsi üçün 2 saat ərzində ocaqda qalmalıdır. Digər plovlardan fərqli olaraq "Döşəmə plov"da qazmaq hazırlanmır. Çünki plovun içərisində bişən ördəyin yağı plova keçir.

Gülzar Həsənova əlavə edir ki, "Döşəmə plov" iki formada hazırlanır: "Bir forma qeyd etdiyimiz kimidir, digər formada isə ördək ayrıca bişirilir, sonra düyü süzülür və qazanda ördəyi düyünün altına qoymaqla bişirilir".
Xüsusi ilə vurğulamaq lazımdır ki, "Döşəmə plov"u digər quş növlərindən də bişirmək olur, lakin çöl ördəyi ilə bişiriləndə daha dadlı alınır.

Nuş Olsun!

Xəbər lenti
0