BAKI, 16 yanvar — Sputnik. ABŞ PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə daşınan zenit-raket kompleksləri verib. ABŞ hərbçiləri zenit-raket komplekslərini PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsinə çatdırıb.
Zenit-raket komplekslərinin PYD/YPG-yə verilməsi ABŞ-ın rəhbərliyi ilə Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə yaradılan beynəlxalq koalisiya ilə əlaqəsi yoxdur. Bu silahlar ABŞ ilə PYD/YPG arasında ikitərəfli razılaşma əsasında terror təşkilatına verilib. "Al-Masdar" agentliyinin məlumatına görə, zenit-raket kompleksləri Türkiyə ordusunun "Fərat qalxanı" əməliyyatı zamanı İŞİD terrorçularından azad etdiyi ərazidəki müxaliflərə qarşı istifadə edilmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi.
İki gün əvvəl İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan beynəlxalq koalisiya, əsas hissəsini PKK-nın qolu olan PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib. ABŞ-ın bu bəyanatı Türkiyə prezidentinin yaxın günlərdə Türkiyə ordusunun PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib. Türkiyə ordusunun Suriyanın Afrin bölgəsi ilə həmsərhəd ərazilərə ordu topladığı vaxtda məlum olub ki, ABŞ kürdlərdən ibarət yeni ordu qurur.
Vaşinqton bəyan edib ki, İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiya Suriyadakı müttəfiqləri ilə birlikdə 30 min nəfərlik sərhəd mühafizə ordusu quracaq. Təbii ki, Vaşinqtonun Suriyadakı müttəfiqi olan Suriya Demokratik Qüvvələri (SDQ) əslində kürdlərdən ibarətdir. Yeni ordu da kürdlərlə Türkiyə arasında sərhədləri qoruyacaq.
30 minlik ordunun yarısının SDQ-dən təşkil olunacağı və bir qisminin də Suriya-Türkiyə sərhədlərində yerləşdiriləcəyi bildirilir. Sərhəd qüvvələrinin birləşmələri ümumilikdə şimalda Türkiyə sərhədində, cənub-şərqdə isə İraq və SDQ qüvvələri ilə Rusiya və Suriya hökumət qüvvələrinin arasında, Fərat çayı boyunca yerləşəcək.
Aydın məsələdir ki, yeni sərhəd qüvvələrinin əsas təyinatı müharibədən sonra qurulacaq kürd muxtariyyəti və ya federal üsul-idarəsinin sərhədlərini mühafizə məqsədi güdür. Əsas sərhədlər isə təbii ki, Türkiyə ilədir. Məsələ ondadır ki, Türkiyə və Suriya arasındakı mövcud 910 kilometrdən artıq sərhəd xəttinin yarıdan çoxu hazırda faktiki olaraq kürdlərin, formal adı ilə SDQ-nin nəzarətindədir. Bölgədə kürd — SDQ silahlıları ABŞ patrulları ilə birgə keşik çəkir.
Ancaq savaş bitdikdən sonra sərhədlərin daha peşəkar sərhəd qüvvələri tərəfindən mühafizəsi və keçidlərin nəzarətə alınması lazımdır. Bunun üçünsə peşəkar sərhəd qüvvələrinə ehtiyac var. Türkiyə bu qərardan narazıdır. Çünki Ankara sərhədlərində kürd dövləti və ya muxtariyyətinin olmasına razı deyil. Üstəlik, hazırda Türkiyə ordusu 2016-cı ildə azad edilən Əziz-Cerablus xəttinin qərbində anklav şəklində qalan Afrin bölgəsini kürdlərdən təmizləməyə hazırlaşır.
ABŞ-ın son zamanlar kürdlərə dəstəyinin ciddi şəkildə artması, Suriyanın şimalında yeni kürd dövlətinin yaradılacağı barədə xəbərlər tez-tez gündəmə gəlməyə başlayıb. Son 3 ildə Pentaqon kürdləri müasir silahlarla silahlandırıb. Eyni zamanda, hazırda rəsmi olaraq min nəfərdən çox Amerika hərbçisi kürdlərə təlim keçir və eləcə də Türkiyə ilə sərhəddə patrul xidməti həyata keçirir. İndi isə kürdlərin Suriyanın şimalında dövlətinin yaradılacağı xəbərlərinin ardınca sərhəd qoşunlarının yaradılması məsələsi gündəmə gəlib.
Yeri gəlmişkən, ötən ilin sonlarında ABŞ hərbçilərinin SDQ-nin polis qüvvələrinin yaradılması ilə bağlı proqram hazırladığı haqda xəbərlər yayıldı. Kürdlərin Suriyanın şimalında dövlət və ya muxtariyyət qurması Suriya mərkəzi hökuməti qədər Türkiyəni də narahat edir. Türkiyə dövləti sərhədlərində, mərkəzində PKK-nın alt qanadı olan bir təşkilatının dayandığı dövlətin qurulmasına seyrçi qalmaq istəmir. Çünki kürdlərin quracağı dövlət Türkiyədə separatizmi alovlandıra bilər.
Türkiyənin son günlərdə Afrin sərhədinə ordu toplaması və prezident Ərdoğanın açıqlamaları göstərir ki, Türkiyə Suriya ordusunun İdlibdə əməliyyat keçirdiyi bir vaxtda Afrinin kürdlərdən təmizlənməsi əməliyyatı hazırlanır. Maraqlıdır ki, Afrindəki 200 nəfərə yaxın Rusiya hərbçisi də bir neçə gün əvvəl ərazini tərk edərək mərkəzi hökumətin nəzarətindəki qəsəbəyə yerləşib.
Ancaq Türkiyə ordusunun Afrinə hücumu faktiki olaraq yalnız kürdlərlə deyil, həm də ABŞ-la qarşıdurmaya çevrilə bilər. Çünki bölgədə həm də amerikalı hərbçilər var və ötən ilin aprelində vəziyyət gərginləşəndə Türkiyə-Suriya sərhədlərində kürdlərlə Türkiyə ordusu arasındakı zolağa amerikalı patrullar yerləşdirilib. İndi belə çıxır ki, Türkiyə ordusu qəfil hücum edərsə, amerikalılarla savaşmalı olacaq.
Hələlik amerikalılar kürdləri türklərlə təkbaşına buraxmaq niyyətində deyil. Əgər amerikalılar Afrində kürdləri dəstəkləməkdə davam edərlərsə, toqquşmaya onlar da qarışa bilər. Ancaq birbaşa toqquşmaya amerikalı hərbçilərin qarışması az ehtimal olunur. Çünki birincisi, Afrində amerikalı yoxdur. İkincisi də Vaşinqton Türkiyə ilə birbaşa toqquşmaya razı olmaz. Ancaq faktdır ki, yaxınlaşan Afrin əməliyyatı birbaşa olmasa da, dolayısı ilə Vaşinqton ilə Ankaranın qarşıdurmasına çevriləcək.
Ankara Suriyada hərbi əməliyyata başlayarsa, ilk dəfə bu ölkənin ərazisinə rəsmən qoşun yeritmiş olacaq. Türkiyə öz sərhədlərindəki İŞİD və kürd terror qruplarını təmizləməkdə qərarlı olsa da, görünən odur ki, hərbi əməliyyatlar regional siyasi situasiyaya təsir edib. Bu əməliyyatlar nə zamana qədər davam edəcək və Türkiyə üçün nə vəd edir? İndi əsas müzakirələr bu suallar ətrafındadır.
"Fərat Qalxanı" əməliyyatı Suriyadakı "Vəkalət Savaşı"nın başlandığı tarixdən az sonra Türkiyə tərəfinin sıx-sıx dilə gətirdiyi "Tampon bölgə", "Uçuşa qadağan edilmiş bölgə", yaxud "Təhlükəsiz bölgə" plan və tələblərinin xeyli daraldılmış, yenilənmiş versiyasıdır. Türkiyə Suriya müharibəsinə həm birbaşa, həm də dolayısı ilə — Azad Suriya Ordusu vasitəsi ilə girmiş oldu. Ancaq bir qədər fərqlə.
Yəni Türkiyə Cerablus-Azez-Mare xəttində qurmaq istədiyi "Tampon bölgə"ni ən böyük müttəfiqi olan ABŞ-ın dəstəyilə deyil, indiyə qədər bölgədəki qarşıdurmada rəqibləri olan Rusiya-İran-Suriyanın yaşıl işıq yandırmasıyla həyata keçirdi. Hərbi müdaxilə Türkiyənin Suriya məsələsində bir oyunçu kimi yenidən səhnədə yer almasına səbəb oldu. Lakin proseslər Türkiyənin içinə transfer edə bilər. İstisna deyil ki, Vaşinqtonun istəyi də elə budur…