CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alpinistlərin axtarışına daha bir ölkədən mütəxəssis cəlb edilib

© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislər axtarış aparmaq üçün artıq Azərbaycandadırlar və axtarışlara qoşulublar

BAKI, 16 yanvar — Sputnik. Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü — 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadəni axtarmaq üçün Türkiyədən iki mütəxəssis cəlb edilib. Sputnik Azərbaycan trend-ə istinadla xəbər verir ki, bu barədə "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
İtkin düşən alpinistlərin sayı daha çox ola bilərmiş

Onun sözlərinə görə, alpinistlərin tapmaq üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: "Hazırda ərazidə hava şəraiti də pisdir. Hələlik axtarışlar nəticə vermir. Xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislər axtarış aparmaq üçün artıq Azərbaycandadırlar və axtarışlara qoşulublar".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü — Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə axtarışın dayandırılması ilə bağlı məlumatlar öz əksini tapır. Bəzi şəxslər nəticə olmadığı üçün axtarışların dayandırılmasını təklif edir. "Qar uçqunu yazda qar əriyəndə və qışda qar yağanda olur. Ancaq daha onları axtarmağın mənası yoxdur" – deyə şəbəkə istifadəçiləri fikirlərini bildiriblər.

Xəbər lenti
0