BAKI, 8 yanvar — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 23 fevralda növbəti hərrac keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Komitədən məlumat verilib.
Bildirilib ki, hərraca 18 səhmdar cəmiyyəti, 4 qeyri-yaşayış sahəsi, 4 kiçik dövlət müəssisəsi çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib.
Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Ağdaş, Goranboy, Xaçmaz rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 64 min 900 manata olan Xaçmaz rayonunda yerləşən Nərəcan kənd Mədəniyyət Evidir. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 959,3 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 6 260 kvadratmetrdir.
Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 65 min manata Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış binası da var. Qeyd olunan əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 235,7 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 276,5 kvadratmetrdir.
Budəfəki hərracda 18 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq üçün bu linkdən istifadə etmək olar.
Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, kəndkimya, nəqliyyat, inşaat, təmir və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Bərdə Kəndkimya", "Beyləqan Buzxana", "Salyan Kəndkimya", "Tərtər Nəqliyyat", "Lənkəran Mebel" kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0,5 manatdan 2 manata qədərdir.
Vətəndaş hərraca çıxarılan hər bir əmlakla ƏMDK-nın rəsmi saytında (emdk.gov.az), o cümlədən privatization.az saytında tanış ola bilir. Əvvəlcə hərrac tarixinə görə elan linkinə daxil olur, elanda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisə və obyekti, eləcə də istifadəsiz yaşayış sahəsi və nəqliyyat vasitəsi üzrə ayrıca göstərilmiş linkə keçir.
Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa, elə həmin səhifədəcə "sifariş ver" düyməsini seçir. Xatırladaq ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.