BAKI, 5 yanvar — Sputnik. Yanvarın 5-də internet portallarının birində "Aydın Əliyevin işçisinin görünməmiş vəhşiliyi" adı altında gömrük əməkdaşının sərhədi keçmək istəyən insanlarla qarşı kobud rəftarını əks etdirən video yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidməti sözügedən video ilə bağlı açıqlama yayıb.
Qeyd edilir ki, videonun 3 cümlədən və müəllifinin adı, soyadı da daxil olmaqla 60 kəlmədən ibarət olan açıqlamasında isə hadisənin baş verdiyi yer, vaxt, gömrükçünün kimliyi, qarşı tərəfin mövqeyi, rəsmi açıqlama, bir sözlə xəbərin əsas ünsürlərindən əsər-əlamət yoxdur. Sadəcə videoyazının Yeni il öncəsi qeydə alındığı bildirilir. Üstəlik, bəzi internet resursları da ağına-bozuna baxmadan həmin məlumatı tirajlamaqla məşğuldur.
Dövlət Gömrük Komitəsi videonu yayan və ağına-bozuna baxmadan tirajlayan qurum və şəxslərin diqqətinə çatdırır ki, bu hadisə 2016-cı ilin noyabr ayında baş verib və hadisədən dərhal sonra gömrük əməkdaşı gömrük orqanlarından xaric olunub. Üstəlik, bu barədə ölkənin aparıcı kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin rəsmi mövqeyi də daxil olmaqla ətraflı məlumat yayılıb.
Təqribən 14 ay əvvəl baş verən hadisənin yeni kimi təqdim olunması təəssüfdoğurucu haldır. Əsas işi xəbər olan media qurumları həm də yaydıqları xəbərlərin, məlumatların doğruluğu, qərəzsizliyinə də birbaşa məsuliyyət daşıyır. Görünür, bəziləri üçün bu meyarlar o qədər də əhəmiyyət daşımır. Əks halda xəbərin dəqiqliyini yoxlamaq üçün qarşı tərəfin mövqeyini öyrənməyə cəhd göstərərdilər.
Bu isə o deməkdir ki, məlumatı yayan xəbər portalı ya bunu sifarişlə həyata keçirir, ya da hansısa jurnalist internetdə qarşısına çıxan videonu işlədiyi qurumun rəhbərinə bilərəkdən və ya bilməyərəkdən yeni kimi təqdim edir, onun xeyir-duasını alır və qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac görmədən birlikdə cəmiyyəti aldadırlar.
Həmin videonu təqdim edirik: