BAKI, 27 dekabr — Sputnik. Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunda Rusiya Federasiyası istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı həmin nəqliyyat vasitəsində sürücü oturacağının arxa hissəsində asılmış gödəkçənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada, ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı — 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.