BAKI, 29 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Qasımlı telekanal rəhbərlərini Azərbaycanın milli qəhrəmanlarını, dahilərini və tarixi abidələrini şühbə altına alan verilişlər verməkdə ittiham edib. Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili telekanal və media rəhbərlərini bu məsələdə məsuliyyətli olmağa və onları Azərbaycanın milli maraqlarına zərbə vurmamağa çağırıb.
"Düzdür, bu gün senzura yoxdur. Lakin bundan sui-istifadə etmək lazım deyil. Bu gün telekanallarda milli və tarixi şəxsiyyətlərimizin milli kimliyini şübhə altına alan verilişlərin şahidi oluruq. Bu yolla xarici mərkəzlər Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə çalışır" — Qasımlı söyləyib.
"Guya azərbaycanlılar hər hansı dünya səviyyəli tarixi şəxsiyyət yetirə bilməz, onlar aborigen deyil, yüksək mədəniyyətə malik deyillər. Ona görə də TV və digər media rəhbərlərini məsuliyyətli olmağa çağrıram" — deputat əlavə edib.
Deputat bildirib ki, senzura yoxdur deyə, tarixi şəxsiyyətlərimizi, qəhrəmanlarımızın milli kimliyini, abidələrimizin tarixini şübhə altına alan verilişlər hazırlamaq və ya yazılar yazmaqla cəmiyyətdə şübhələrə yol açmaq düz deyil: "Hesab edirəm ki, media rəhbərləri məsuliyyətini dərk etməli və fəaliyyətlərini milli maraqlar və onun müdafiəsi istiqamətində qurmalıdırlar".