BAKI, 29 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edilib. Sputnik Azərbaycan xəbər verir ki, müraciəti deputat Məlahət İbrahimqızı oxuyub.
Müraciətdə milli birliyin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı dünyanın güclü xalqları ilə bir sırada dayanır: "Prezident İlham Əliyevin yürütdüyü siyasət və bu siyasət nəticəsində ölkənin qüdrətlənməsi hər bir azərbaycanlını sevindirir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vəzifələrindən biri də Azərbaycan dilinin, milli mənəvi dəyərlərin qorunmasıdır".
Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağrılır: "Sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub".