BAKI, 27 dekabr — Sputnik. Yeni il bayram günlərində Moskvada "oğru sxodkası" keçiriləcək. Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə məşhur olan Nadir Səlifovun gələcək taleyi bu "sxodka"dan asılıdır.
Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın məlumatlı mənbələr məlumat verib. Kriminal dünyanın bütün diqqəti qarşıdakı bu hadisəyə yönəlib. Bu hadisə xüsusi xidmət orqanlarının da az marağına səbəb olmayıb. Çünki onlar da cinayətkar qruplaşmaların liderlərinin toplaşacağı yeri müəyyən etməyə cəhd göstərir.
Xatırladaq ki, Səlifov oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Kriminal avtoritet Azərbaycan sərhədlərini dərhal tərk edərək qardaşları ilə birlikdə İstanbula gedib.
Səlifov 22 il dəmir barmaqlıqlar arasında olub ki, onun da 10 ilini Qobustan qapalı tipli həbsxanasında keçirib. O, hələ beş ilə qədər də həbsxanada oturmalı idi.
Bütün bunlarla yanaşı, nüfuzlu kriminal avtoritetlərin toplaşacağı Moskva "sxodka"sında 41 yaşlı "qanuni oğru" Georgi Giorqadze (Vladimir, "Giya Kutaisski") kiminlə dostluq edəcəyinə aydınlıq gətirəcək. Əgər "Giya Kutaisski" "Lotu Quli"ni seçsə (hansı ki, sonuncu bunu çox arzulayır), Səlifov praktiki olaraq "toxunulmazlıq" statusu əldə edəcək. Çünki "Giya Kutaisski" öz dairəsində "sözübütöv oğru" kimi xüsusi hörmət və nüfuza malikdir.
O da məlumdur ki, gözlənilən görüşdə bu "qanuni oğru"ların iştirakı təsdiqlənib: Eduard Asatryan ("Osetrin"), Vasili Xristoforov ("Vasya Voskress"), Vladimir Tyurin ("Tyurik"), Oleq Şişkanov ("Çiçkan"), Oleq Muxametşin ("Muxa"), Kaxaber Parpaliya ("Kaxa Qalski"), Vladimir Barkalov ("Vova Blondin"), Vladimir Zyatkov ("Zyatek") və başqaları.
Buna paralel olaraq, hazırda İstanbulda olan Səlifov və digər "qanuni oğru"lar da Türkiyədə toplaşacaqlar. Moskva ilə Türkiyə arasında videokörpü təşkil ediləcək.
"Sxodka"nın gündəliyində digər "qanuni oğru" Yuri Piçuqinin də gələcək taleyinə aydınlıq gətirmək durur. Məsləkdaşlarının ona çoxlu sualları var. Amma Nadir Səlifovun ona xüsusi iradı var. İş ondadır ki, "Giya Kutaisski"nin himayəsini təkcə Səlifov deyil, eləcə də bu yaxınlarda azadlığa çıxmış Merab Canqveladze, Badri Koquaşvili ("Badri Kutaisski") və Eduard Asatryan da qazanmaq istəyir. İndi "Giya Kutaisski"nin qarşısında seçim dayanır.
Qeyd etmək laızmdır ki, "Guya Kutaisski" heç vaxt səhv buraxmayan oğrulardandır. Onun haqqında deyilənə görə, Giya o qədər ehtiyatlıdır ki, qarın üstündə yeriyir, amma orada heç bir iz buraxmır.
Kutaisski sadəcə bir dəfə cibgirlik üstündə həbsxanaya düşüb və cəzasını xüsusi rejimli koloniya olan "Ağ qu quşu"nda çəkib. Onun bura düşməsi oğru kastasındakı gələcək mövcudluğunu təmin edib.
Onun azadlığa çıxmasından dərhal sonra "Lujniki" stadionu yaxınlığındakı restoranda 100 nəfərin iştirakı ilə irimiqyaslı "oğru sxodkası" keçirilib. Burada "Giya Kutaisski" yekdil səslə "qanuni oğru" adı ilə taclandırılıb.