BAKI, 27 dekabr — Sputnik. Bu gün Fransa kinematoqrafiyasının canlı əfsanələrindən sayılan Jerar Depardyenin doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktyor 27 dekabr 1948-ci ildə Şatorda anadan olub.
Depardye Azərbaycan tamaşaçısına “20-ci əsr”, “Axırıncı metro”, “Uğursuzlar”, “Paris, mən səni sevirəm”, “Qonşu qadın”, “Atalar”, “Qaçqınlar”, “Sirano de Brejerak”, “Mələk və şeytan arasında”, “Asteriks və Obeliks” və bir çox digər filmlərdən tanışdır. O, “Sezar”, “Qızıl qlobus” kimi nüfuzlu mükafatlara layiq görülüb, “Oskar” mükafatının nominantı olub. Həyatı boyunca 180-dən çox filmdə çəkilib.
Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyemiz" adlandırırlar. Çəkildiyi filmlərin bir çoxu Fransa kinematoqrafının inciləri sırasına daxil olub.
Depardye həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir.
2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri — onun davamçısı və gözəl aktyor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar. Depardye oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib.
3 yanvar 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.