BAKI, 11 dekabr — Sputnik. 1913-cü il dekabrın 11-də əfsanəvi fransız aktyoru Jan Mare anadan olub. Sputnik Azərbaycan xəbər verir ki, o, hələ gənc yaşlarından teatr və rəssamlığa maraq göstərib.
Antik qəhrəmanlara məxsus bədən quruluşu, qadınları cəlb edən yaraşıqlı və gözəl xarici görünüşü olmasına baxmayaraq, gənc Mare bəzi rejissorların fikrincə, bacarıqsız və perspektivi olmayan artist hesab olunurmuş. O, üç dəfə Paris konservatoriyasının dram sinfinə imtahan versə də, adını qəbul olunanların siyahısında görməyib.
Sonra 20 yaşlı Jan kino çəkilişində öz qüvvəsini sınamaq istəyib. Rejissor Marsel Lerbye onu əvvəlcə özünə assistent götürür, sonra isə yaxşı aktyor olacağına inanmasa da, onu "Xoşbəxtlik", "Təzə adamlar" və "Alovlu gecələr" filmlərində epizodik rollara çəkir.
Jan Marenin kinoda ilk böyük işi 1941-ci ildə rejissor J.Baronsellinin cəkdiyi "Yandırılmış ev" filmidir. 40-50-ci illərdə isə o, romantik rolları oynamaqla məşhur olub. "Əbədi qayıdış"da (1943) Patris, "Karmen"də (1943) Xose, "Qraf Monte-Kristo"da (1953) Edmon Dantes, habelə J. Koktonun rejissorluğu ilə çəkilmiş "Gözəlcə və əjdaha" (1946), "İkibaşlı qartal" (1947), "Orfey"(1949), "Orfeyin vəsiyyəti" (1960), "Bəyaz gecələr"(1957) filmlərində və Fantomas haqqında seriallarda yaddaqalan rollar yaradıb. Kino həvəskarları "Kapitan Frakass", "Parisin sirləri" və "Dəmir maska" filmlərində Marenin oynadığı qəhrəmanları böyük məhəbbətlə seviblər.
Maraqlıdır ki, bütün Fransa qadınları Mareni sevsələr də, aktyor onlara maraq göstərməyib. SSRİ-də bu fakt gizlədilsə də, sonralar məlum olub ki, Jan Mare seksual azlıqların nümayəndəsi olub.
Dahi aktyor Jan Mare 1998-ci il noyabr ayının 8-də Valoris şəhərində 85 yaşında dünyasını dəyişib.