BAKI, 21 dekabr — Sputnik. Azərbaycanda gömrükdə yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişə icazə verilməyəcək. Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bu barədə Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərdə deyilir.
Məcəllənin 64.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur: "Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı iki hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir".