BAKI, 26 dekabr — Sputnik. Şimali Afrika ölkəsi olan Sudana səfərində təkbirlərlə (Allahu Əkbər) qarşılanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Xartumda diqqət çəkən açıqlamalar verib. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.
Keçmiş Osmanlı ərazisi olan Sudana gəlməkdən məmnun olduğunu deyən Ərdoğan bu ölkədə ciddi işlər görəcəklərini söyləyib. Sudanlı həmkarı Ömər əl-Bəşirə "qardaşım" deyə xitab edən Türkiyə prezidenti yeni planlarını açıqlayıb.
"Qardaşım Ömərdən icazəsini aldıq. İnşallah, Sudanı yaxın gələcəkdə tamamilə yenidən inşa edəcəyik. Burada olduqca strateji əhəmiyyətə sahib Sevakin adasına xüsusi diqqət ayıracağıq" — Ərdoğan bildirib.
"Bilirsiniz, Osmanlı dövründə bizim bu adada çox böyük hərbi bazamız var idi. Sağ olsun əl-Bəşir qardaşım, bizə icazə verdi ki, həmin yeri restavrasiya edək. Osmanlı dövrünə aid Hənəfi və Şafi məscidləri də yenilənəcək. Başqa planlarımız da var, onları hələ açıqlamıram" — prezident vurğulayıb.
Bu açıqlamanı şərh edən türkiyəli analitiklər hesab edirlər ki, yaxın vaxtlarda Sudanın strateji Sevakin adasında Türkiyə Silahlı Qüvvələri böyük hərbi baza quracaq. "Ərdoğanın "başqa planlarımız da var, onları hələ açıqlamıram" sözləri buna işarə ola bilər" — deyə ekspertlər bildirirlər.