BAKI, 23 dekabr — Sputnik. "Qüdslə bağlı BMT-dəki səsvermədən əvvəl ABŞ rəhbərliyi xarici ölkə təmsilçilərinə tək-tək zəng vurub təhdid etdi". Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında danışıb.
"Açığı, biz gözləyirdik ki, 160-190 arası dövlət Amerikanın Qüds qərarının əleyhinə səs versin. Lakin Ağ Ev telefon vasitəsilə tək-tək xarici ölkə diplomatlarını təhdid elədi. Təhdidlərə baxmayaraq, dünyanın üçdə ikisi onların əleyhinə səs verdi. 9-a qarşı 128 dövlət ABŞ-ın Qüds qərarını tanımadı. Həmin dövlətlər şərəflə davranaraq Amerikaya dünyanın daha böyük olduğunu sübut elədilər. Çünki dünya Amerikadan qat-qat böyükdür. Mənim atom bombalarım, güclü silahlarım, ən müasir döyüş təyyarələrim var deyərək özünüzü güclü saya bilməzsiniz. Dünya artıq dəyişdi. Hətta müttəfiqləriniz də sizin yanınızda durmadı. Qorxusundan bitərəf qalan, səs verməyən ölkələr belə Qüds məsələsində Fələstinin tərəfindədirlər. Biz bunu belə hesab edirik. İsrailin yanında duranlar, özü kimi 5-6 ölkədir" – Ərdoğan qeyd edib.
Türkiyə prezidenti daha sonra deyib: "Demokratiya pulla alınıb-satılan sistem deyil. Cənab Tramp bu cür düşündüyü üçün BMT-dəki səsvermə nəticələrinə məhkum edildi. Ümid edirəm ki, Amerika Qüdslə bağlı qərarını yenidən gözdən keçirəcək".