BAKI, 25 dekabr — Sputnik. "İstanbuldan Azərbaycana gələn, içərisində azərbaycanlıların olduğu avtobusun qəzaya uğraması nəticəsində ölən və ağır xəsarət alan yoxdur". Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.
O bildirib ki, avtobus İstanbuldan İğdır istiqamətinə hərəkət edib: "Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşlarıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər".
Xatırladaq ki, hadisə dekabrın 25-i səhər saatlarında Qars şəhərində, Karakurt-Kağızman avtomobil yolunda baş verib. İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb. Hadisə nəticəsində 30 nəfər yaralanıb.
Avtobus İğdırdakı turizm şirkətlərindən birinə məxsus olub. Hadisənin baş verməsinə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.