BAKI, 20 dekabr — Sputnik. Bir neçə gün əvvəl ölkənin ən güclü güləşçilərini müəyyən etmək və milli komandanı yenidən qurmaq üçün güləş üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda maraqlı məqamlardan biri, ölkənin ən güclülərindən sayılan, "London 2012" olimpiadasının qızıl mükafatçısı Toğrul Əsgərovun iştirak etməməsi oldu.
Sputnik Azərbaycan Avropa çempionu Toğrul Əsgərovun idmançı kimi karyerasını davam etdirib-etdirməyəcəyi haqqında yaranmış suallara güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudovla aydınlıq gətirib.
Baş məşqçi bildirib ki, Toğrul Əsgərov məşqlərini davam etdirir: "Ümumdünya Antidopinq Agentliyinin qanunlarına əsasən, qanında dopinq aşkarlanan idmançı milli yığmanın məşqlərində iştirak edə bilməz. Biz də o qaydalara əməl etdiyimiz üçün Toğrul Əsgərov milli komandada yox, şəxsi müəlliminin yanında məşqlərini davam etdirir".
"Təbii, mən də onun məşqlərinə xüsusi nəzarət edirəm. Onu da deməliyəm ki, Toğrulun zədəsi hələ tam sağalmayıb" — baş məşqçi deyib.
F.Umudov onu da əlavə edib ki, aprel ayında dopinqə görə verilən cəza bitəndən sonra idmançımız milli yığmada məşqlərini davam etdirəcək: "Daha sonra bir neçə beynəlxalq yarışlarda onu yoxlayacağıq. Məqsədimiz Toğrul Əsgərovu qarşıda gələn "Tokio-2020" Olimpiya oyunlarına hazırlamaqdır".
Qeyd edək ki, 2017-ci il aprel ayında idmançı Toğrul Əsgərovun "higenamin" preparatından istifadə etdiyi məlum olub. Bu dərmanın cari ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.
Xatırladaq ki, güləşçimiz 1 il müddətinə cəza alıb və bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci il aprelin 17-də başa çatacaq.