BAKI, 20 dekabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "The Financial Times" (FT) nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialara münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, Ə.Həsənov "The Financial Times"da "Avropa Şurası insan haqlarından imtina edir?" başlıqlı məqalədə Azərbaycanla bağlı irəli sürülən iddiaların subyektiv xarakterli, qərəzli olduğunu və anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət etdiyini bildirib.
"The Financial Times" və digər bu kimi tanınmış nəşrlərin bəlli dairələr tərəfindən süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasına qoşularaq Azərbaycanı hədəf götürməsi, ardıcıl olaraq əsassız ittihamlarla çıxış etməsi yalnız təəssüf doğura bilər" deyən prezidentin köməkçisi bildirib ki, Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə, stabillik, təhlükəsizlik, tolerantlıq məkanı kimi tanınır.
"Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən hərtərəfli dəstək qazanıb. Azərbaycanda həm yerli, həm də Avropa İttifaqı ölkələrinə aid şirkətlərin apardıqları araşdırma bu faktı bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Hollandiyanın ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının sifarişi ilə keçirilən sorğunun nəticəsinə əsasən, Azərbaycan vətəndaşlarının 81% hakimiyyətin həyata keçirdiyi siyasətə öz dəstəyini ifadə edib" — Ə.Həsənov bildirib.
"Təbii ki, bu amil Ermənistan və erməni lobbisini, onların xaricdəki havadarlarını ciddi narahat edir. Bu qüvvələr bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanın nüfuzunu ləkələməyə, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər. FT kimi nəşrlərin bu dairələrin əlində vasitəyə çevrilməsi ciddi nöqsan, transmilli medianın müstəqilliyinə xələl gətirən haldır" o vurğulayıb.
Həsənov əlavə edib ki, müxtəlif fasilələrlə Azərbaycana qarşı təşkil edilən bu tipli kampaniyaların səmərəsizliyi artıq sübuta yetirilib və cəmiyyətimizdə istehza ilə qarşılanır: "Həmin qarayaxmaların təşkilatçıları və icraçıları bu reallığı nə qədər tez başa düşsələr, bir o qədər də öz nüfuz limitini qoruyub saxlamış olacaqlar".