Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 12 oktyabr — Sputnik. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı qətnamələrin qəbulu, demək olar ki, yarımboş qalmış bir salonda keçirildi. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev Sputnik Azərbaycan-a açıqlamasında, Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən deyib.
"Normal məntiqə görə, AŞPA Azərbaycan ilə Ermənistan prezidentlərinin Dağlıq Qarabağ danışıqları öncəsi Ermənistandakı vəziyyətə, Ermənistanın yeritdiyi işğalçılıq siyasətinə diqqət yetirməli idi. Çünki Avropa Şurası özü 2005-ci ildə Ermənistanı işğalçı kimi qiymətləndirib və Ermənistanın işğal etdiyi torpaqlarda etnik təmizləmə siyasəti apardığını təsdiqləyib. Bu da yüz minlərlə insanın haqqının pozulması deməkdir" — deputat bildirib.
"Diqqət məhz buna yönəldilməli idi. Amma yüz minlərlə insanın haqqının pozulması bir qıraqda qalır. İşğal altında olan bir torpaqlarda gedib öz doğmalarının məzarını ziyarət edərkən bir nəfəri öldürülən, ikisi isə zorla aparılıb həbsxanaya salınan Azərbaycandan olan Dilqəm Əsgərov ilə Şahbaz Quliyevin məsələsi qıraqda qalır" — o, əlavə edib.
Alıyevin sözlərinə görə, Azərbaycana bir nəfərlə bağlı Avropa Məhkəməsinin qərarlarını yerinə yetirilməməsinə dair və buna bənzər bir çox hallarda, arxasında heç bir əsası olmayan iradlar bildirilir: "Avropa Məhkəməsinin, Avropa Şurasının özünün də işğal altında olduğunu təsdiqlədiyi Laçından olan Çıraqov və digərləri ilə bağlı qərarı var və bu qərarı Ermənistan yerinə yetirmir. Niyə bununla bağlı Ermənistana heç bir irad bildirilmir? Avropa Məhkəməsinin 10 mindən çox qərarı yerinə yetirilməmiş qalır. Bunu ən çox yerinə yetirməyənlər sırasında qabaqcıl demokratik ölkələr kimi təqdim olunan Böyük Britaniya, Fransa, İspaniya və s. ölkələr var. Niyə bunlara heç bir irad bildirilmir".
Onun qənaətincə, bu, bir daha təsdiq edir ki, bu cür təzyiqlərin göstərilməsində bir məqsəd var: "Necə ki, 1990-cı illərin əvvəllərində Azərbaycan işğala məruz qala-qala ölkəmizi təcavüzkar kimi qələmə verən islamafob qüvvələr var idi. O qüvvələr indi də Azərbaycandan irticaçı obrazı formalaşdırmaq, əli minlərlə insanın qanına batan, terrorçu, separatçı Ermənistandakı və Dağlıq Qarabağdakı hərbi xuntanı demokratik bir obraz kimi göstərmək istəyirlər".
Millət vəkili bildirib ki, Azərbaycana qarşı bu cür təzyiqlərin 3 səbəbi var: "Səbəblərdən biri budur ki, Azərbaycan müstəqil siyasət yerinə yetirir və bunu həzm etmək istəmirlər. İkinci səbəbi budur ki, onlar müsəlman ölkəsinin inkişafını və İslam haqqında deyilənlərin doğru olmadığını öz örnəyi ilə göstərməsini həzm etmirlər. Üçüncü səbəb isə Dağlıq Qarabağ məsələsində haqlı və güclü tərəf olan Azərbaycanı demokratiyadan uzaq, irticaçı bir ölkə kimi təqdim etməklə erməni separatizminə haqq qazandırmaqdır".
"Məqsəd budur. Heç də təsadüfi deyil ki, məhz bu qətnamə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü qabağı, yəni, Ermənistan tərəfin torpaqları işğal altında saxlamağa əlində heç bir arqumentinin və gücünün olmadığı bir vaxtda qəbul edilib" — S. Alıyev vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Araz Əlizadə də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, Azərbaycana qarşı qərəzli mövqe var: "Bu da ondan irəli gəlir ki, Azərbaycan müstəqil xarici siyasət yeridir, heç kəsin "çətiri altına" girmir. Nə Rusiyanın, nə Türkiyənin, nə ABŞ-ın, nə Avropa İttifaqının və s. Bu isə onların xoşuna gəlmir".
Depın fikrincə, Azərbaycan bu gün dünyada tək-tük ölkələrdəndir ki, özünə böyük qardaş axtarmır: "Azərbaycan bərabərhüquqlu dost axtarır. Bu isə dünyada özünü güclü sayan dövlətlərin xoşuna gəlmir".
Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" qətnamələri qəbul edilib.