BAKI, 19 dekabr — Sputnik. Türkiyənin Kahramanmaraş şəhərində yaşayan 16 yaşlı lisey şagirdi Can Yılmaz "Apple" şirkətindən 2 min dollar mükafat qazanıb. Buna səbəb 16 yaşlı gəncin "Apple" markalı ağıllı telefonun funksiyasında səhv tutması olub.
Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, Can Yılmaz şirkətin ABŞ-dakı ofisinə məktub yazaraq telefonun şəxsi təhlükəsizlik bölümündə kodlaşdırmanın düzgün aparılmadığını, bu səbəblə də kənar şəxslərin asanlıqla fərdi məlumatlara girib oxuya biləcəyini qeyd edib.
Türk lisey şagirdinin ilk məktubunu diqqətə almayan "Apple" rəhbərliyi, C.Yılmazın videolu mesajından sonra onun haqlı olduğunu görüb. Dünyaca məşhur şirkət diqqətdən qaçan detalı xəbər verdiyinə görə Can Yılmazın Türkiyədəki ünvanına 2 min dollar pul mükafatı göndərib.
Lisey müdiri Ömər Faruk şagirdləri Can Yılmazla qürur duyduqlarını bildirib.