BAKI, 19 dekabr — Sputnik. Təhsil İnstitutu Azərbaycanda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb oluna bilməməsi və ya əhatəlilliyin arzuolunan səviyyədə olmamasının səbəblərini araşdırıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, Təhsil İnstitutunun "3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması layihəsi" üzrə yekun hesabatında bildirilib ki, Azərbaycanda 1991-ci ildən 2016-cı ilədək məktəbəqədər təhsil müəssisələrinin sayı 2185-dən 1722-ə düşüb. Onlardan 1004 müəssisə şəhərlərin və yalnız 718 müəssisə rayonların payına düşür.
Hesabatda deyilir ki, Azərbaycanda, xüsusilə Bakıda məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər uşaqbaşına sayı üçün azlıq təşkil edir: "Buna baxmayaraq, hər il yeni özəl bağçalar da fəaliyyətə başlayır. 2016-cı ilin yanvar ayı üçün 66 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi qeydə alınıb. Lakin özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı ailə üçün yüksək hesab oluna bilər. Özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağçalarda 600-700 manat təşkil edir. Bir çox ailələrin isə aylıq bu ödənişi etmək imkanı olmur".
Hesabatda o da qeyd olunub ki, 2016-cı ilin məlumatına əsasən məktəbəqədər təhsil müəssisələrinin 32%-də (1683 ailə) məcburi köçkün və qaçqın ailələri yaşayır: "Bu da onsuz da sayı az olan məktəbəqədər təhsil müəssisələrinin təxminən üçdə birinin öz təyinatına uyğun istifadəsinə mane olur və beləcə ailələrin yaşadığı əraziyə yaxın məktəbəqədər təhsil müəəssisəsi tapmasına çətinlik yaradır".