Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 18 dekabr — Sputnik. Bu gün Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində "Prezident kuboku" uğrunda növbəti çövkən milli oyunu üzrə yarışların rəsmi açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 20-dək davam edəcək ilk təsnifat mərhələsinin oyunlarında Şəki, Ağcabədi, Ağdaş, Ağstafa, Bərdə, İsmayıllı, Gəncə və Şəmkir regional mədəniyyət və turizm idarələrinin təmsilçiləri, həmçinin Bakı şəhərinin "Elit", "Ömər", "Polad" və "Sərhədçi" komandaları mübarizə aparır.
Rəsmi açılışdan sonra Şəki komandası və Bakının "Ömər" komandası arasında ilk səkkizdəbir final qarşılaşması keçirilib. Gərgin keçən oyunda paytaxt təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə Bakının "Elit" komandası Bərdə regional mədəniyyət və turizm idarəsinin kollektivini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, oyunların final mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək. Dekabrın 22-də yarımfinal, dekabrın 23-də isə üçüncü yer uğrunda görüşlər və final qarşılaşması təşkil olunacaq.