BAKI, 18 dekabr — Sputnik. “Qalatasaray” rəhbərliyi baş məşqçi İqor Tudorla yolları ayırıb. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.
Qeyd olunur ki, bu gün yerli vaxtla saat 14.00-də klubun İdarə Heyətinin iclası başlayacaq. İclasda Tudorun istefaya göndərilməsi rəsmən elan olunacaq.
"Qalatasaray" xorvat məşqçi ilə müqaviləni vaxtından əvvəl ləğv etdiyinə görə, ona 400 min avro məbləğində təzminat ödəyəcək. Yeni baş məşqçinin kim olacağı barədə isə hələlik məlumat verilmir.
Xorvat baş məşqçi ilə müqavilənin pozulmasına komandanın son həftələr göstərdiyi pis nəticələr səbəb olub. "Qalatasaray" iki həftə öncə derbidə "Beşiktaş"a 3:0 hesabı ilə məğlub olub. Ötən turdakı məğlubiyyət isə komandanın turnir cədvəlində lider mövqeyini itirməsi ilə nəticələnib.