BAKI, 15 dekabr – Sputnik. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb və birinci oxunuşda səsləndirilən təkliflər nəzərə alınıb. Ümumiyyətlə, silahlı qüvvələr haqqında danışarkən xarici təcrübəyə əsaslanmaq, dünyada baş verənləri və ölkəmizin indiki vəziyyətini nəzərə almalıyıq. Elə bir sənəd qəbul etməliyik ki, bu qanun hazırkı standartlara cavab versin".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
S.Novruzov deyib ki, Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir: "Hər hansı bir nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən edilməsi təklifini irəli sürmək düzgün deyil".
S.Novruzov bildirib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışırlar: "Amma bu, nəzəriyyə deyil, praktikadır. Bəzən ABŞ-la özümüzü müqayisə edirik. Lakin orada sistem tamamilə fərqlidir. Ali Baş Komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, "pol" yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur".
Onun sözlərinə görə, hazırkı əsr tamamilə fərqlidir, silah növləri tamamilə dəyişilib: "Orta məktəbi bitirən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər orduya müqavilə əsasında cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edir. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Onların reabilitasiyası və digər məsələr üçün QHT-lər lazımdır. Lakin həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil. Ümumiyyətlə, ordu cəmiyyətdən qapalı olmalıdır ki, öz işinin öhdəsindən gələ bilsin".
S.Novruzov müdafiə nazirinin mülki şəxs olması ilə bağlı səslənən fikirlərə də münasibətini bildirib: "Müharibə şəraitində olan bir ölkənin müdafiə naziri peşəkar hərbçi olmalıdır. Bir dəfə riyaziyatçını müdafiə naziri qoydular, gördük nə baş verdi və ölkənin başına nə oyun açdı. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbçi şəxs dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması bizdə də belə fikirin yaranmasına səbəb olub. Lakin müharibə şəraitində olan ölkənin qanununda belə müddəlara yol vermək mümkün deyil. Ordu sirləri qapalı olmalıdır. Mətbuat ordunun özünün yaydığı məlumatdan kənar məlumatları yaymamalıdır".