BAKI, 15 dekabr — Sputnik. Bu gün məşhur fransız mühəndisi, memarı və metal strukturlar mühəndisi Qüstav Eyfel anadan olub. Sputnik Azərbaycan xəbər verir ki, o, Fransadakı Eyfel qülləsinin yaradıcısıdır.
Qüstav Eyfel 1932-ci ildə Dijonda doğulub, 1923-cü ildə Parisdə vəfat edib. 1887-1889-cu illərdə Parisdə inşa edilən və onun öz adı ilə adlandırılan qüllənin açılışından sonra inanılmaz şöhrət qazanıb.
Fransanın rəmzini yaradan mühəndisin atası Aleksandr Eyfel alman mühacir Jan-Rene Byönikhauzenin nəslindən olub. Onlar Eyfel soyadını doğma Eifel (almanca Ayfel) dağlarının şərəfinə götürüblər. Ailə üzvləri Eyfel soyadından istifadə etsələr də, Qüstav Byönikhauzen soyadı ilə qeydə alınıb və 1880-ci ilə kimi soyadını dəyişməyib.
O, 1855-ci ildə Parisdə mühəndis diplomu alıb. Eyfel qülləsini tikənə qədər körpülər üçün dəmir konstruksiyalar hazırlayan şəxs kimi məşhur olub. Portuqaliyada, Fransada, Moldovada, Gürcüstanda, İspaniyada körpülər inşa edib, Macarıstan, ABŞ və digər ölkələrdə vağzal binaları və metal konstruksiyaları planlaşdırıb. Nyu-Yorkdakı Azadlıq heykəlinin əsas memarına kömək edərək dəmir karkasının hazırlanmasında iştirak edib. Bundan əlavə, Nitsa şəhərində observatoriyanın fırlanan günbəzini hazırlayıb. Bu günbəz 100 ton olmasına baxmayaraq bir nəfər tərəfindən asanlıqla hərəkətə gətirilir.