İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 7 yan — Sputnik. İstedad insana Yaradan tərəfindən verilən nemətdir. Bu nemət hər kəsə verilsə də, bir çoxları ona düşən xüsusi qabiyyətin nə olduğunu ömrünün sonuna qədər anlaya bilmir.
Amma bəziləri lap kiçik yaşlarından ondakı xüsusiliyi biruzə verir, maraq dairəsində olan istiqamətə daha çox yönəlir. Bu istedada mayak olmalı olan valideynlər isə əksinə, bəzən fırtına rolu oynayırlar. Yaxud istedad özü ənənədən çıxmaq qorxsunun kölgəsində qalaraq arzularını boğur. Lakin elə valideynlər də var ki, bu xüsusiliyi görərək övladlarına dəstək verir, ilk müəllim, ilk tamaşaçısı, ilk tənqidçi kimi özləri çıxış edirlər.
Göygöl rayon sakini Ağstan Cəfərov da belə valideynlərdəndir. O, oğlu Elvinin hələ kiçik yaşlarında, özündən böyük baltanı götürərərək kötüklərdən müxtəlif fiqurlar yonub düzəltməsini uşaqlıq həvəsi kimi qəbul edib. Hətta əl-ayağını kəsməsin deyə mane olmağa çalışıb, hər dəfə işə gedəndə baltanı, mişarı gizlədib.
Lakin bütün maneələrə baxmayaraq Elvin alətləri taparaq öz sevdiyi işlə məşğul olub. Atası danlamasın deyə, hazırladığı fiqurları isə gizlədib. Ağstan kişi bu prosesin Elvinin 6-7 yaşı olanda böyük adamların yona bilməyəcəyi kötüyü yonaraq gəmi düzəltməsinədək davam etdiyini deyir. Bundan sonra övladının istedadını başa düşən ata, ona mane olmağa son qoyaraq, dəstək verməyə başlayıb.
Elvin isə fiqur və maketlər hazırlamağı özünün hobbisi adlandırır. 16 yaşı olmasına baxmayaraq, əksər həmyaşıdlarından fərqli olaraq telefon, virtual oyunlar, vaxtını boş keçirmək kimi hallardan uzaqdır. Daim öz üzərində işləyir. Yeni layihələr, maketlər haqda düşünür. Maraqlı abidə, bina görən kimi, internetdə onun şəkillərini əldə edir və maketini yaradır.
İndiyədək 20-yə yaxın maket düzəldən Elvinin ən böyük əl işi 3 ay 6 gün vaxt sərf etdiyi, 3 metrdən artıq hündürlüyü olan Eyfel qülləsidir. Əsasən şam ağacından istifadə edən gənc usta, bu maketi qurarkən 5748 detal düzəldib. Maket hazırlandığı gündən Cəfərovların evinin ən dəyərli əşyasına çevrilib. Artıq 2 ildir ki, evdə yeni il yolkası əvəzinə Eyfel qülləsi bəzədilir.
Hazırda Elvinin üzərində işlədiyi Bibiheybət məscidi isə bir çox parametrlərinə görə 16 yaşlı ustanın şah əsərinə çevrilə bilər. Elvin 2,4 metr uzunluğu, 2 metrdən artıq hündürlüyü olan bu maketin üzərində 3 aydır çalışır və tam başa gəlməsi üçün daha bir o qədər də vaxt sərf olunacağını deyir. Bu maketin düzəldilməsində əsas vaxt aparan iş isə, reallıqda məscidin üzərinə vurulmuş aqlay daşların görüntüsünü verən ağac parçalarının kəsilib yapışdırılmasıdır. Usta çox əziyyət tələb edən bu işdən nəinki bezmədiyini, əksinə zövq aldığını deyir.
Bundan başqa, Elvinin əl işləri sirasinda Türkiyədə yerləşən Qızılay məscidi, Göygöldəki Alman kilsəsi, müxtəlif ölçülü motosikllər, evlər, yellənən kürsü və digər fiqur və maketlər də var. Elvinin maraqlı işlərindən biri də nərdtaxtadır. Onun bir üzündə Azərbaycanın gerbi, digər tərəfində isə üçrəngli bayrağımızın rəngləri ilə işlənmiş Azərbaycan xəritəsi həkk edilib. Gənc usta nərdtaxtanın içini isə türklüyün simvolu olan qurd şəkilləri ilə bəzəyib.
E. Cəfərov indiyədək 20-ə yaxın əl işindən heç birini satmayıb. Atası Ağstan kişi də onların satılmasının əleyhinədir. Özü günəmuzd fəhlə işləməsinə baxmayaraq, gəlirindən bir qismini Elvin üçün avadanlıq və alətlərin alınmasına ayırıb.
Hər bir maketin düzəldilməsi üçün xeyli avadanlıq işlədilir. Bundan başqa, alətlərin tez-tez sıradan çıxması aztəminatlı ailə üçün bəzən ciddi vəsait hesabına başa gəlir. Amma o, bütün maddi çətinliklərə baxmayaraq, oğlunun arzularından uzaq düşməsinə imkan verməməyə çalışır.
Ağstan kişi adını çəkmək istəmədiyi qurumlar tərəfindən Elvinə köməklik ediləcəyi barədə şoxsaylı vədlər eşitsə də, 3 il ərzində bu yöndə xırda bir addım belə, atılmadığını deyir. Ailənin ən böyük arzusu isə köməklik göstərildiyi təqdirdə, Elvinin əl işlərindən ibarət sərgi təşkil etməkdir.
Bu arzu da, aztəminatlı ailənin maddi durumu xaricində olduğu üçün arzu olaraq qalır. Ağstan Cəfərov əmindir ki, Elvinin əl işləri Azərbaycan daxilində Göygöl rayonunu, xaricdə isə bütün Azərbaycanı uğurla təmsil edə bilər.