BAKI, 14 dekabr — Sputnik. Bu gün səhər saatlarında Ağdaşda qətl hadisəsi baş verib. Sputnik Azərbaycan hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb. 17 yaşlı bir oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib.
"Report"un əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsi Ətraf Nəsib oğlu Nəsibovdur. Onu şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev bıçaqlayaraq qətlə yetirib.
İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, qətlə yetirilən Ə.Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Qızın bundan xəbər tutan qardaşı T.Hacıyev Ə.Nəsibovu söhbət etmək üçün çağırıb və öldürüb.
Hadisəni törədən şəxs sonra qaçıb. Hazırda hüquq mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır. Faktla bağlı cinayət işi açılıb.