İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 13 dekabr — Sputnik. Salyanda baş vermiş dəhşətli cinayətin doğurduğu rezonans səngimək bilmir. Hər gün hadisə ilə bağlı yeni detallar üzə çıxır.
Sputnik Azərbaycan-ın həmsöhbət olduğu Salyan rayon sakinləri baş vermiş hadisənin şokundan ayılmadıqlarını bildiriblər. Onlar sözügedən ailənin üzvlərini sakit təbiətli insanlar kimi tanıdıqlarını deyiblər. Lakin cinayəti törədən ailə başçısı Fərhad Əliyev rayonda spirtli içki aludəçisi kimi tanınırmış.
"Fərhad Əliyev içki aludəçisi olsa da, evin qadını daim çalışıb uşaqlarını saxlayıb. Mehparə xanım uşaqlarını bir qarnı ac, bir qarnı tox böyüdürdü. Qadın özü və qızları heç vaxt pis yolda olmayıblar" — həmsöhbətlərimiz bildiriblər.
Onların sözlərinə görə, oğul Fəqan Əliyev də hər zaman normal insan kimi tanınıb: "Ailəsinə, ana-bacılarına bağlı biri idi. Həm də zəhmətsevər uşaq idi. Kim iş üçün hara çağırsa, 5 manata olsa belə, gedib işləyərdi. Həyətlərdə işləyirdi, yer şumlayırdı. Düzü, heç kim uşağın atası ilə əlbir olduğuna inanmır. Bu hadisəni niyə gizlətdiyini də heç kim başa düşə bilmir".
Salyan sakini Tayibə Aslanova deyib ki, tək bildikləri ailənin qəfil itkin düşməsi olub: "Qonşu qadın var, deyir ki, Mehparənin bizə borcu vardı. İtkin düşməmişdən iki gün öncə onlara gedib, borcu istəyib. Mehparə deyib ki, imkan düşən kimi qaytaracaq. Həmin vaxtdan iki gün sonra Mehparə və qızları yoxa çıxıb. Polisə də onların itkin düşməsi ilə bağlı müraciət edilib. Amma heç bir nəticə olmayıb".
Sakinlərin sözlərinə görə, hər şey vəkil Şəfiqə Nağıyevanın Fəqana dediyi sözlərdən sonra baş verib. Vəkil Fəqana nə deyibsə, Fəqan kəndə qayıdaraq atasını restorandan çıxarıb, deyib ki, "Vəkil ağzına gələni danışır, mən o qədər alçaq deyiləm, mənə "bacıların pozğundur" desinlər. Tez ol, zəng vur və günahını boynuna al".
Sakinlər, həmçinin bildiriblər ki, cinayəti törədən Fərhad Əliyev o qədər qəddar bir şəxs olub ki, qızlarına heç nəyi icazə vermirmiş. Hətta onların ailə qurmalarını belə istəmirmiş. Mehparə isə uşaqlarının xətrinə ərindən boşanmırmış. Amma Fərhad Əliyev hər zaman evdə "vuracağam, öldürəcəyəm" deyirmiş.
Xatırladaq ki, 2014-cü ilin martında ana və 4 qızı ilə bağlı axtarış elan edilib. Qonşuları və qohumları elə ehtimal ediblər ki, Mehparə Əliyeva qızları ilə birlikdə içki düşkünü olan ailə başçısından uzaqda yaşamaq üçün Türkiyəyə gediblər.
Dörd ilə yaxın vaxt keçəndən sonra kişi polis idarəsinə gedərək törətdiyi əməli etiraf edib. Ata və oğul faktla bağlı saxlanılıb.