BAKI, 14 dekabr — Sputnik. İl neçə idi, bilmirəm. Onu bilirəm ki, atam həyatımda birinci və sonuncu dəfə mənə yaxşı bir şillə ilişdirdi. Səbəbi isə məktəbə apardığım porno kartlar idi.
Küçədə tapdım o kartları. Özümlə götürüb məktəbə apardım. Hələ həyasızcasına sinif yoldaşlarıma da göstərdim. Müəllim parta arxasında uşaqlarla nəyəsə baxıb gülüşdüyümüzü gördü. Cəld kartları cibimə qoydum. Müəllim yaxına gəlib insafsızca əlini cibimə saldı, kartları götürüb baxınca sakitcə yerinə qayıtdı. Ertəsi gün də atamı çağırıb nə dedilərsə, həmişə bütün qəzəbini zəhmli baxışıyla bildirən mülayim adam möhkəm bir şillə çəkdi yanağıma.
Ümumiyyətlə, nadinc uşaq idim. Nizam-intizama uymaz, söz dinləməzdim. Üstünlüyüm onda idi ki, coğrafiyadan başqa bütün fənləri yaxşı oxuyurdum. Dəqiq fənlərin də, humanitar fənlərin də fəal şagirdi idim.
Üstəlik, məktəbin mədəni-ictimai həyatında danılmaz əməyim vardı. Bütün tədbirləri mən təşkil edirdim. Tamaşalar qurur, konsert proqramları hazırlayırdım. İnşa, hekayə, şeir, bədii qiraət müsabiqələri də mənsiz keçmirdi. Əgər bu üstünlüklərim olmasaydı, bir gün də saxlamazdılar məni məktəbdə.
Bilirəm, indi deyəcəksiz ki, mənim necə şagird olmağımın kimə nə dəxli var? Düz də deyirsiz. Amma sözümün canı bu deyil.
Rüşvətə nifrət edən məktəb direktorumuz vardı. Bilik günündə, müəllimlər günündə, 8 martda və son zəngdə məktəbin girişində dayanır, əlində hədiyyə olan uşaq görən kimi valideynini çağırıb geri qaytarırdı. O, məktəbdə fond pulu, süpürgə pulu bəhanələri ilə uşaqlardan pul yığılmazdı. Hətta öz aramızda keçirmək istədiyimiz hər hansı bir bayram şənliyi üçün də pul yığa bilməzdik. Buna görə direktorumuza xüsusi rəğbət bəsləyirdim.
Bu məktəbdə divar qəzetləri vardı. Orda şagirdlərin məqalələri, araşdırmaları, şeir və hekayələri dərc olunurdu. Tez-tez bilik və idman yarışları təşkil edilirdi. Əgər bunlar da olmasaydı, yəqin ki, məktəbə heç getməzdim.
Lakin ümumi təhsil sisteminin darıxdırıcı ab-havasından nə qədər qurtulmaq olardı ki? Eyni cür geyinən minlərlə uşaq, hər gün eyni bina, eyni sinif otaqları, eyni partalar, eyni müəllimlər və s.
Ən sevdiyim ədəbiyyat, fizika, kimya, biologiya, anatomiya və riyaziyyat fənlərinin belə tədris prosesində elə monotonluq vardı ki, bəzən bu fənlərdən küsürdüm. Mən istəyirdim ki, əgər biz ədəbiyyat dərsində Mirzə Fətəli Axundzadəni, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını, Hüseyn Cavidi keçiriksə, onların ev muzeylərini görək, onların şəxsi əşyalarına toxunaq, onların əsərlərinin teatr tamaşasına baxaq.
Biz heç vaxt orta məktəbin hesabına Qobustan qayalarına, Buzeyir mağarasına, Şirvanşahlar sarayına, Qız qalasına aparılmadıq. Tarix dərsində bunların var olduğunu dedilər, biz də inandıq. Məsələn, tarix dərsində Buzeyir mağarası haqqında oxusam da, yalnız iki il bundan əvvəlki səyahətlərim sayəsində o mağaradan cəmi otuz kilometr aralıda dünyaya göz açdığımı öyrəndim.
Mən kimya müəlliminə "natrium metalı xlorid turşusu ilə reaksiyaya girdikdə natrium-xlorid duzu əmələ gəlir" demək yox, göstərmək istəyirdim. Amma bunun üçün lazım olan laboratoriyamız yox idi. Soyuq otaqlarda közərən elektrik sobalarına isinə-isinə lövhəyə formullar yazmaqdan usanırdıq.
Anatomiya otağında sovet dövründən qalma skletdən başqa bir şey görünmürdü. İnsan sümükləri haqda dərsimiz olanda o skletdə öz daxilimizi görürdük. On bir illik məktəb həyatıma az da olsa maraq qatdığı üçün hələ də o skletə minnətdaram.
Beləcə, həyatımın ən enerjili illəri nəzəriyyələr əzbərləməyə məhkum edilmişdi. Mənim etiraz etdiyim bu idi, sadəcə üsulu yanlış seçmişdim. Əlbəttə, məktəbə porno kartlar aparmaq darıxdırıcı nizam-intizama, ancaq əzbərimizə işləyən nəzəriyyələrə, sıxıcı tədris metoduna etiraz yox, uşaq həyasızlığı idi. Amma neyləyim? Ağlım o qədər kəsmişdi.
Sonralar eyni darıxdırıcı mühiti təhsil aldığım iki ali məktəbdə gördüm. Üstəlik, bunlar orta məktəbdən daha da pis idilər. Çünki bunlarda rüşvət də var idi. Elə buna görə də hər ikisindən imtina etdim.
Təhsilə yeni nazirlər təyin etməklə bu sıxıcı təhsil sistemindən böyük beyinlər yetişməz. Əvvəlcə nazirlərə yeni təhsil təyin etmək lazımdır ki, ümumi mühit elmi-mədəni inkişafa uğrasın. Ekskursiyalardan, laboratoriyalardan, müasir texnologiyalardan, muzeylərdən, teatr, kinoteatr və başqa mədəni istirahətlərdən yoxsul, əzbərçi tədris metodu ilə hara qədər getmək olar ki?
Dünyanın böyük təhsil ocaqları, dövrümüzün sağ qalan ən böyük dahisi Stiven Hokinqlə görüş günləri keçirir. Bizim tələbələr Stiven Hokinqin ixtiraları haqqında nəsə bilirsə, zəkası qarşısında baş əyin ki, bu metodla nəsə öyrənib.