BAKI, 13 dekabr — Sputnik. "Qüds şəhərinin küçələrində dolanan hər kəs oranın işğal altında olduğunu anlayacaq". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.
O deyib ki, ABŞ beynəlxalq hüququ tapdalayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb: "Bu şəhərlə bağlı belə qərarın açıqlanmasının heç bir hökmü ola bilməz. ABŞ-ın da veto hüququna malik olduğu BMT TŞ qərarına əsasən, heç bir ölkə Qüdsdə səfirlik aça bilməz".
"ABŞ-ın haqsız qərarına yalnız Qüdsü işğal altında saxlayan İsrail dəstək verib. İslam ölkələri ilk andan açıq şəkildə bu qərarı tamamilə rədd edib. Bu qərarın vicdan, hüquq, əxlaq və tarix önündə hökmsüz olduğunu elan etdik. Bu, sülh istəyən fələstlinlilərin cəzalandırılması mənasına gəlir" — Ərdoğan bildirib.
"İsrail işğalçı və terrorçu dövlətdir. 1947-ci ildəki sərhədlə indikini müqayisə etsəniz, bunu aydın görə bilərsiniz" — Türkiyə prezidenti vurğulayıb.