BAKI, 12 dekabr — Sputnik. "Valet Parking" adlı bir şirkət var. Ayıq sürücü xidmətləri göstərir. Dünən bu şirkətin sürücüsü başımıza oyun açıb. Adam maşının açarını da götürüb itmişdi".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri jurnalist Mahir Məmmədli öz "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, axşam evə getmək üçün *0131 nömrəsinə zəng vuraraq ayıq sürücü çağırıb: "Sürücü gəldi və yola düzəldik. Şəhərin içində gəzdik bir az, çay içdik və sürücüyə dedik ki, bizi evlərimizə apar".
"1 saat 40 dəqiqənin tamamında maşında tək mən qalmışdım və Nərimanovdan Yeni Yasamala getməliydim. Sürücüdən ödəyəcəyimiz məbləği soruşduq. Dedi 21 manat. Etiraz etdim. Çünki Nərimanovdan Yeni Yasamala 20-25 dəqiqəlik yoldur və 2 saatlıq xidmət haqqı 14 manat edir. Sürücü razılaşmadı ki, 2 saat 1 dəqiqə də olsa, 3 saatın pulu ödənilməlidir" — jurnalist yazıb.
"Dedim ki, mənə qəbz ver, burda 14 manat ödəyək, ayrılaq. Məlum oldu ki, qəbz-filan yoxdur. Şirkətə zəng vurduq, məsələni ayırd edənə qədər baxdım ki, sürücü yoxdur. Maşının açarını da götürüb qeyb olub" — o, əlavə edib.
M.Məmmədlinin sözlərinə görə, şirkətin vergidən yayınması, qanunsuz ödəniş qəbul etməsi bir yana, sürücünün bu hərəkəti əndazənin aşılması idi: "Polisə müraciət edəcəyimizi deyəndən sonra şirkətin meneceri sürücüyə zəng vurdu və o, açarı gətirib gəldi. Yenə dedik ki, qəbz verin, pulunuzu alın və sürücünüz getsin. Qəbz olmadığını təkrarladılar və bildirdik ki, nə vaxt qəbz gətirərsiniz, pulu alarsınız. Beləcə, nə qəbz verildi, nə də ödəniş olundu".