BAKI, 10 dekabr — Sputnik. "ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını heç bir siyasi bacarığı olmayan dar çərçivəli şəxslərin güclü təsiri altında qəbul edib". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, məşhur rusiyalı şərqşünas, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun rəhbəri Vitali Naumkin qərarın son dərəcə xoşagəlməz, o cümlədən ABŞ-ın özü üçün yaxşı olmayan nəticələrə səbəb olacağını vurğulayıb.
Xatırladaq ki, Tramp bir neçə gün öncə Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib. Bundan sonra bütün dünyada bu qərara etirazlar başlayıb. Dünya, o cümlədən Avropa liderləri, BMT, ABŞ-ın qərarını tənqid edib. Fələstində isə insan ölümü ilə nəticələnən toqquşmalar başlayıb.
Naumkin deyir ki, Trampın ətrafında onun Yaxın Şərq siyasətini müəyyən edən bacarıqsız adamlar var: "Onların adı da, elə onların marağı da hamıya məlumdur. Onlardan ən azı 3 nəfəri İsraildə qatı sağçıların tərəfdarıdır".
Şərqşünas amerikalı analitiklərdən birinin Trampın müşavirləri haqqında dediyi sözləri də xatırladıb: "Onlar özlərinin sabun köpüyündə yaşayırlar. Bu, misli görünməmiş bacarıqsızlıqdan irəli gəlir".
İctimai rəyin öyrənilməsi isə göstərib ki, amerikalıların 81 faizi Trapmın qərar qəbul edən zaman bacarıqsız ailə üzvləri və şəxsi hüquqşünaslarına deyil, Yaxın Şərq üzrə mütəxəssislərlə məsləhətləşməsini istəyir.
Maraqlıdır ki, Trampın Yaxın Şərq üzrə müşavirlərinin başında kürəkəni Cared Kuşner durur. Yəhudi olan Kuşner ortodoksal iudaizmə bağlılığı ilə məşhurdur. Onun bu bağlılığı o qədər böyükdür ki, Trampın qızı İvanka onunla ailə həyatı qurmaq üçün iudaizmi qəbul edib…