BAKI, 10 dekabr — Sputnik. "Azərbaycan "Köçəri" rəqsinin erməni deyil, Azərbaycan rəqsi olduğunu YUNESKO-ya sübut etmək üçün mübarizəsini davam etdirməlidir". Bunu Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycanın Xalq artisti Təranə Muradova "Köçəri" rəqsinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsini şərh edərkən bildirib.
Xatrladaq ki, Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil ediləcək məşhur adətlər və yaradıcılıq formaları ilə bağlı 34 yeni ərizəyə baxılıb. Ermənistanın "Köçəri" rəqsi ilə bağlı müraciəti sessiyada müsbət qarşılanıb. Nəticədə bu rəqs YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına Ermənistanın qeyri-maddi irsi kimi daxil edilib.
Suallarımızı cavablandıran T.Muradova deyib ki, məhz elə indi onun qarşısında Kamal Həsənovun 1988-ci ildə çapdan çıxmış "Azərbaycan rəqsləri" kitabı var. O kitabda Azərbaycanın hər bir qədim rəqsi, eləcə də "Köçəri" rəqsi barədə ətraflı məlumat verilib. Hətta orada bu rəqsin yaranma tarixi də dəqiq göstərilib.
"Qırx il əvvəl, mən tələbə olanda və Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycanın Xalq artisti, pedaqoq Xumar Zülfüqarovanın yanında Azərbaycan rəqslərinin tarixini öyrənəndə, "Köçəri" rəqsini də öyrənmişəm. Təəssüf ki, Xumar xanım bir neçə ay əvvəl 90 yaşında vəfat edib" — deyə Muradova bildirib.
O qeyd edib ki, bu rəqs vaxtilə baletmeyster Kamil Dadaşov tərəfindən səhnələşdirilib. O, rayonları gəzərək folklor rəqsləri mədəniyyətini öyrənib.
Onun sözlərinə görə, Bakı Xoreoqrafiya Akademiyasının xalq rəqsləri bölməsində "Köçəri" rəqsi tədris olunur. Bu rəqs, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının proqramına da daxildir və onlar bunu tez-tez öz konsertlərində, eləcə də xarici səfərlərində ifa edirlər.
Xalq artisti qeyd edib ki, "Köçəri" Naxçıvanda çox populyardır və Azərbaycanın məşhur "Yallı" rəqsinin növlərindən biridir. Lakin onun özünün qeyri-adi xüsusiyyətləri var.
"Bu, qrup rəqsidir. Kişilər, yaxud qadınlar, ya da hamı bir yerdə iki qrup şəklində, yaxud da bir-bir birləşərək rəqs edirlər. O, çox ritmikdir, balaban və nağarada çalınır. "Köçəri" sədaqətlilik, cəsarət və çeviklik ifadə edir" — deyə Muradova bildirib.
Xalq artisti YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin qərarını gülünc və ədalətsiz hesab edir. Çünki bütün tarixi faktlar "Köçəri"nin Azərbaycan-a aid olduğunu sübut edir. Hətta rəqsin adı belə Azərbaycan dilindədir, erməni dilində deyil. Əgər belə olsaydı, rəqs "Köçəri" yox, "Kuçiryan", yaxud "Köçəryan" olardı.
Onun sözlərinə görə, ermənilər uzun illərdir ki, Azərbaycan xalqına aid musiqini, yaradıcılıq və folklor, eləcə də digər qeyri-maddi mədəni irs nümunələrini oğurlayaraq öz adlarına çıxırlar. Ermənilər "Sarı gəlin", "Süsən Sünbül", "Yallı", "Vağzalı", "Uzundərə", "Mirzeyi" kimi Azərbaycan musiqi nümunələrini heç bir sübutları olmadığı halda öz adlarına çıxırlar. Xalq artisti heç cür başa düşmür ki, onlar öz məqsədlərinə necə nail olurlar.
"Hesab edirəm ki, biz mübarizəmizi davam etdirməliyik. YUNESKO-ya məktub göndərib bu məsələyə yenidən baxmalarını, düzgün və ədalətli qərar çıxarmalarını tələb etməliyik. Yaşı 70-dən çox olan Azərbaycan rəqqasları da "Köçəri"nin Azərbaycana aid olduğunu sübut edə bilərlər" — deyə Muradova bildirib.
Qeyd edək ki, YUNESKO 2015-ci ilin dekabrında "Köçəri"ni Ermənistanın qeyri-maddi mədəni irsinin nümunəsi kimi tanımaqdan imtina etmişdi. Lakin bu dəfə onu irs nümunəsi kimi siyahıya salıb.
Qeyri-maddi mədəni irs özündə adət-ənənələri və yaradıcılıq nümunələrini qoruyaraq nəsildən nəslə ötürür. O, icmalar, qruplar və bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən onların mədəni irsinin bir hissəsi kimi qəbul edilən təcrübələri, təqdimatları, ifadələri, bilik və bacarıqları, eləcə də bunlarla bağlı alətləri, əşyaları, maddi mədəniyyət abidələrini və mədəni məkanları bildirir. Nəsildən-nəsilə ötürülən belə qeyri-maddi mədəni irs daim icmalar və qruplar tərəfindən, onları əhatə edən mühitə cavab olaraq, onların təbiətlə və öz tarixləri ilə qarşılıqlı təsirindən asılı olaraq yaradılır, onlarda özünəməxsusluq, irsilik hissi formalaşdırır. Bununla da mədəni müxtəlifliyə və insan yaradıcılığına hörmət edilməsinə yardım göstərir.
Qeyri-maddi mədəni irs YUNESKO-nun 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiya ilə tənzimlənir.
Bu Konvensiyanın məqsədləri üzrə yalnız o qeyri-maddi mədəni irs diqqətə alınır ki, həmin irs insan hüquqları haqqında mövcud beynəlxalq hüquqi aktlara, eləcə də icmalar, qruplar və ayrı-ayrı şəxslər arasında qarşılıqlı hörmət və sabit inkişaf tələblərinə uyğun gəlmiş olsun.
Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə Birləşmiş Millətlər Təşkilatının Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Konvensiyası əsasında yaradılıb.