BAKI, 9 dekabr — Sputnik. Dekabrın 8-də AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər və məşqçilər heyətinin iclası keçirilib. Sputnik Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin yığma komandaların məşqçiləri və idmançı heyəti iştirak edib.
Əsas məqsəd son bir ildə görülən işlərə qiymət verilməsi, yeni məşqçi heyətinin təyin və növbəti təlim-məşq toplanışlarına seçilmiş idmançıların müəyyən edilməsi olub.
İclasda vitse-prezident Tofiq Heydərov çıxış edib. O, ağır atletika üzrə yığma komandaların baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. Qurum rəsmisi bunu şəxsi işlərinin çoxluğu, eləcə də gənc nəsil mütəxəssislərə şans vermək istəyilə əlaqələndirib, vitse-prezident vəzifəsində qalacağını bildirib.
AAAF-ın prezidenti Cahangir Əsgərovun qəbul etdiyi qərar da açıqlanıb. O, Azərbaycan ağır atletika yığma komandalarının baş məşqçisi Tofiq Heydərovun istefa ərizəsini qəbul edib və onun yerinə Asif Məmmədovun təyin olunması barədə əmr verib. Yeni məşqçiyə işində uğurlar arzulanıb.