BAKI, 7 dekabr — Sputnik. Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər. Bu zaman həmin yerdə insan bədəninin hissələrinin basdırıldığı aşkarlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.
Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Salyanda 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları — Rəqibə, Sevda, İradə, Ümidənin meyiti tapılıb. Onları M.Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, sonra yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F.Əliyevə oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilib.