Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 18 noyabr — Sputnik. Lənkəranda oğurluq hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Şiləvar kəndi ərazisindəki ərzaq mağazasında baş verib.
Belə ki, bu gün səhər saatlarında dükan sahibi Cavid Nəsirov mağazaya daxil olarkən orada oğurluq edildiyini aşkar edib. Dərhal 102 xidmətinə xəbər edib.
İstintaq-əməliyyaq qrupu hadisə yerinə gələn baxış keçirib. Məlum olub ki, vitrinlərdə dəyəri, təxminən 1000 manat olan tütün və spirtli içkilər, həmçinin müxtəlif çeşiddə ərzaq məhsulları oğurlanıb.
C. Nəsirovun Sputnik Azərbaycan əməkdaşına danışdığına əsasən, bu, artıq onun sahibi olduğu mağazada baş verən ikinci oğurluq hadisəsidir: "Dükanı qarət edən şəxs və ya şəxslər, ilk dəfə olduğu kimi, bu dəfə də eyni üsula əl atıblar — mağazanın tavanını sökərək içəri daxil olublar".
"Birinci oğurluq hadisəsi zamanı dükana 800 manat dəyərində ziyan vuruldu. İlk oğurluq hadisəsi törədilən vaxt hadisə yerindən oğurluq törədən şəxs və ya şəxslərin əl izləri götürülsə də, bu günədək cinayət faktının üstü açılmayıb" — sahibkar bildirib.