İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 7 dekabr — Sputnik. 59 ildir Azərbaycanda hər kəs tərəfindən maraqla izlənilən "Ögey ana" filmi İsmayıllı rayonunun Qalacıq kəndində çəkilib. Bu kənddə 1957-58-ci illərin yay mövsümündə çəkilən "Ögey ana" filmi bu gün də cavan və yaşlı nəslin ən sevilən filmlərindən biridir.
Həbib İsmayılovun quruluş verdiyi "Ögey ana"-nın ssenarisində kənddə yeni ailənin qurulmasından, ögey ananın oğulluğuna qarşı sevgisindən, mühitin maneələrinə baxmayaraq inamını qazanmaq cəhdindən, qalibiyyətindən bəhs olunub. Filmdə, həmçinin yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır.
Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən filmin çəkildiyi yerləri gəzərək İsmayılın itburnu çiçəyi yığmaq üçün çıxdığı dağı, bacısı Cəmiləni xilas etmək üçün keçdiyi çayı, "Kəndimiz" mahnısını ifa edərək gəzdiyi Qalacıq kəndi ilə yenidən tanış olub.
Rejissor Həbib İsmayılov filmin çəkilişləri zamanı kiçik epizodlarda iştirak etmək üçün kənd uşaqlarına da rol vermişdi. O zamanlar uşaq olan kəndin yaşlı sakinləri filmin çəkildiyi vaxtları maraqla xatırlayırlar. Tükəzban nənə deyir ki, hələ də o günlər yadına düşəndə özünü zorla saxlayır, gözləri dolur. Nənənin sözlərinə görə, film çəkiləndə hər kəs çəkilişi maraqla izləyirmiş, hamı o həyacanlı səhnələri sanki özü yaşayırmış.
Əlbəttə ki, o dövrdə belə filmin məhz bu kənddə çəkilməsi sakinlər üçün xüsusi qürurverici hadisə idi. Tükəzban nənə deyir ki, indi də hər gün evdən çıxıb kənddə gəzdiyi zaman, o səhnələrin çəkildiyi ərazilərdə addımladığı hən an filmin çəkilişi və yaşadıqları o gözəl günlərin xatirəsi gözlərinin önündə əks olunur.
Bütün bu xatirələrlə yanaşı, bir reallıq da var. Belə ki, artıq illər də öz sözünü deyir. İndi həmin kənddə ancaq insanların quru xatirələri qalıb, bir də film çəkilişi zamanı partladılan həmin dağlar. Bütün insanların qəlbinə yol tapan o nəhəng filmdən geriyə qalanlar ancaq bunlardır. Nə filmin çəkildiyi həmin tibb məntəqəsindən, nə də İsmayılgilin evindən bir iz qalıb.
Kənddə gəzdiyimiz zaman ağsaqqallar bizə həmin evin yerini göstərdilər. Bildirdilər ki, evin yerləşdiyi ərazi çay yatağı olduğundan dəfələrlə aşınmaya məruz qalıb. Həmin ərazidən sadəcə kiçik bir hissə qalıb. İllər sonra o səmtdə yeni yaşayış evləri tikilib və həmin torpaqlarda yeni evlər ucaldılıb.
Kəndin yaşlılarından olan Fəxrəddin İsayev də o günlərin həm maraqlı, həm də unudulmaz xatirə olduğunu deyərək xəyallara qərq oldu. Fəxrəddin baba da bildirdi ki, böyüyən yeni nəslə göstərmək üçün o çəkiliş məkanlarının qorunub saxlanılması məqsədilə zamanında müəyyən addımlar atılmalıydı.
"Ən azından, çəkiliş məkanlarından bir neçəsi qorunsaydı, bu gün kəndi ziyarət edən minlərlə turistin də marağına səbəb olacaqdı. Kəndə gələn yerli turistlərin çoxu həmin ev haqqında maraqlananda və bildikdə ki, o filmdən qorunub saxlanılan ancaq dağlardır, çox kədərlənir, təəssüf hissi keçirirlər" — İsayev bildirir.
Artıq sakinlər özləri kəndə gələn turist və qonaqlara çəkiliş məkanlarının təxmini yeri haqqında məlumat verirlər, həmin məkanların insanlar üçün ömürlük xatirə olaraq qalmasına çalışırlar. Bir sözlə, kənddə addımladığımız zaman kənd sakinlərinin filmin çəkilişi haqqında dediklərini dinləyəndə, nişan verdikləri məkanları görəndə, film insanın gözləri önündə yenidən canlanır. Artıq bizə də həmin kənddə gəzərkən xəyalən o yerləri xatırlamaq qaldı.
Kənd sakinləri məsələnin ictimailəşməsini və bu istiqamətdə addımlar atılmasını istəyirlər. Düşünürlər ki, bu evlərin muzeyə çevrilməsi çox maraqlı olardı. Məsələn, İsmayıllının Qalacıq kəndinə gedən turist, yaxud elə yerli sakinlər həmin muzey evə baş çəkərək filmin tarixi, rejissoru, aktyorları barədə məlumat ala və filmdə istifadə olunmuş əşyalara, yaxud da onların maketinə baxa bilərdilər. Bu, həm filmin çəkildiyi dövr barədə insanlara məlumat verər, həm də turistlər üçün maraqlı olardı.