BAKI, 7 dekabr — Sputnik. Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçirilib.
Sputnik Azərbaycan Sportnet.az-a istinadən xəbər verir ki, VI turun ikinci oyun günündə E, F, G və H qruplarında 8 oyun olub. Bu görüşlərdən sonra qitənin ən nüfuzlu klub turnirində 1/8 finala vəsiqə qazanan son 4 vəsiqənin sahibi müəyyənləşib. Bunlar İngiltərə "Liverpul"u, İspaniya "Sevilya"sı, Ukrayna "Şaxtyor"u və Portuqaliya "Portu"sudur. Daha əvvəl İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem" və "Çelsi", İtaliyanın "Roma" və "Yuventus", İspaniyanın "Real Madrid" və "Barselona", Türkiyənin "Beşiktaş", İsveçrənin "Bazel", Fransanın PSJ, Almaniyanın "Bavariya" komandaları da adını 1/8 finala yazdırıb.
Öz qruplarında 3-cü yeri tutan Rusiya "Spartak"ı, İtaliya "Napoli"si, Almaniyanın "Leyptsiq" və "Borussiya" (Dortmund) klubları Rusiyanın MOİK, Şotlandiyanın "Seltik", İspaniyanın "Atletiko" və Portuqaliyanın "Sportinq" komandaları ilə birgə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.