BAKI, 6 dekabr — Sputnik. “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi çərçivə xarakteri daşıyır, Xəzəryanı ölkələr arasında əməkdaşlıq prinsipini, eləcə də onların hüquqlarını müəyyənləşdirir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən deyib.
Nazir müavini bildirib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi mühüm tarixi, hüquqi və iqtisadi əhəmiyyətə malikdir: "Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə və bu ölkələrin xalqlarının rifahı üçün xidmət edəcək. Hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər. Bir çox ölkənin məsələyə yanaşmasında zaman-zaman böyük fərqlər meydana çıxıb. Dövlət başçıları tərəfindən verilən impulslar nəticəsində 21 il müddətində belə bir nailiyyət əldə etmişik. Bu, daimi sənəd olacaq və ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək. Bu konvensiya heç bir dövlətə üstünlük hüququ vermir və bərabər davranış qaydalarını təmin edir".
Onun sözlərinə görə, Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadəyə nəzərdə tutulur.
O bildirib ki, dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünür: "Ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırlacaq. Dənizlərin sektorlara bölünməsi ilə bağlı beynəlxalq hüququn müvafiq anlayışları var. Burada materik və materik ərazisinin davamı olaraq adaları da nəzərə alınır. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq razılaşdırılmış metod əsasında bölgü aparılacaq".
"Mübahisəli yataqlarla bağlı danışıqlar hələ nəticə verməyib, buna görə də hələ bu barədə danışmırıq. Əsas məsələ İran və Türkmənistanla delimitasiyasıdır. Gələcəkdə onların istifadəsi beynəlxalq hüquq normaları əsasında həll olunacaq. Su məkanı baxımından Konvensiyada hər şey aydın göstərilib və beştərəfli razılaşma olacaq" – X.Xələfov bildirib.