BAKI, 6 dekabr — Sputnik. “Hakimiyyət orqanları rusiyalı idmançıların neytral bayraq altında Pxençxan şəhərində keçiriləcək Qış Olimpiadasında iştirakına mane olmayacaq”. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Putin deyib ki, heç bir halda idmançıların qarşısını almayacaqlar: “Bizim olimpiyaçıların oyunlarda iştirakına mane olmaq niyyətimiz yoxdur. Kimsə şəxsi qaydada iştirak etmək istəyirsə, etsin”.
Qeyd edək ki, bundan əvvəl baş nazirin müavini Arkadi Dvorkoviç rusiyalıların neytral statusda oyunlarda iştirak etməsinin məqsədəuyğun olduğunu bildirib: “Biz bütün hallarda biləcəyik ki, onlar Rusiyanı təmsil edirlər”.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi dekabrın 5-də Rusiyanın Olimpiya Oyunlarından kənarlaşdırılması ilə bağlı qərar qəbul edib.