BAKI, 6 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov bir neçə gün öncə Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu münasibətlə mətbuat konfransı keçirilib.
Mətbuat konfransını giriş sözü ilə Milli Olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıb və Fərid Qayıbovu təbrik edib: "Bu il Azərbaycan idmanı üçün uğurlu il olub. Bu mənada, IV İslam Oyunlarını xüsusilə qeyd etmək lazımdır. Bu ilin sonunda Milli Olimpiya Komitəsinin yubileyini keçirdik. Nəhayət, Azərbaycanin idman tarixində ilk dəfə olaraq nümayəndəmiz Avropada prezident secilib. Bu münasibətlə Fərid Qayıbovu təbrik edirəm. Bu vəzifə çox məsuliyyətlidir. Qeyd edim ki, Avropada çox önəmli idman ölkələri yer alır. Gimnastikada da ən çox uğur qazanan idmançılar Avropa qitəsindəndir. Əminəm ki, o, bu vəzifənin öhdəsindən gələcək və gimnastikanın inkişafına böyük töhfə verəcək. Yəqin ki, gimnastika bizdə bu qədər inkişaf etməsəydi, bizi dünyada tanımayacaqdılar və bu uğur əldə olunmayacaqdı. Bu uğura görə Mehriban Əliyevaya təşəkkür edirəm".
Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov çıxışı zamanı ilk əvvəl Fərid Qayıbova dəstək olanlara təşəkkürünü bildirib. Vitse-prezident sonra Fərid Qayıbovun Gimnastika Federasiyasına gəlişi haqqında qısa məlumat verib.
Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov çıxışı zamanı seçilməsinə dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Bu gün biz nəinki Avropada, eləcə bütün dünyada ən güclü idman qurğularına malikik. Buna bariz nümunə kimi Avropa, Amerika və digər ölkələrdən komandaların təlim-məşq toplanışları üçün Azərbaycana gəlmələrini göstərmək olar. Bu nailiyyətlər üçün Mehriban Əliyevaya təşəkkür edirəm. Sevinirəm ki, ölkəmiz üçün nəsə etmişəm. Artıq mən Azərbaycan Gimnastika Federasiyasında baş katib postunda işləyə bilməyəcəm və bu gün ərizə verərək işdən azad olunmuşam. Yaxın gələcəkdə yeni baş katibin kimliyini biləcəksiniz".