BAKI, 4 dekabr — Sputnik. Azərbaycanın bəzi ərazilərində yeni uçqun hadisələri baş verib, bəzi yollarda sürüşmə sahələri yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə açıqlama verib.
Onun sözlərinə görə, noyabr ayı ərzində Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım müşahidə olunub. Yol boyu bir neçə yerdə uçqun hadisəsi baş verib. Bununla yanaşı, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-də sürüşmə aktivləşib, yeni uçqun hadisələri müşahidə olunub. Quba – Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində, yol boyu yamacda yeni lokal sürüşmə sahələri yaranıb.
"Ötən aylar ərzində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Şamaxı-Qaleybuğurd-Keçməddin avtomobil yolunun 24-25-ci kilometrliyində Keçməddin kəndinə giriş yolunun 35-40 metr hissəsi tamamilə sıradan çıxıb və sahədə bir neçə yerdə yeni uçqun sahələri yaranıb. Masallı-Yardımlı yolunun 13-15 və 24-26-cı kilometrliklərində yamac boyu uçqun-töküntü və sürüşmə sahələri yaranıb" — nazirlik rəsmisi vurğulayıb.
Ə.Qaralov deyib ki, Astara rayonunda Miki və Kijəbə, Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb: "Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-də uçqun-sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən nisbi aktivlik baş verib və yol boyu yamacda yeni lokal sürüşmə və uçqun sahələri yaranıb".
ETSN təmsilçisinin sözlərinə görə, Siyəzəndə Sədan sürüşmə sahəsində, Şabranda Qazbabalı sürüşmə sahəsində, Quba-Xınalıq avtomobil yolunun 36-46-cı kilometrliyində, Şamaxı şəhəri, 48- A məhəlləsi sürüşmə sahəsi aktivləşib: "Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib və nəticədə uçqun-töküntü hadisələri müşahidə olunub. Ərazidə bir neçə yerdə yol boyu yeni lokal sürüşmə sahələri əmələ gəlib".