BAKI, 6 may — Sputnik. Şamaxıda uzun müddətdir davam edən torpaq sürüşməsi təhlükəsi sovuşmaq bilmir.
Sürüşmə səbəbindən yenə yaşayış evləri yararsız vəziyyətə düşüb. Son bir həftə ərzində hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahənin sürüşməsi nəticəsində 7 ev təhlükə altına düşüb. Sözügedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən günə genişlənir.
Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsinə zərər vuran uçqun dağıntılara səbəb olub. Sürüşməyə səbəb olan qrunt suları isə evlərin zirzəmisinə dolub. Ev sahibləri zirzəmiyə dolan suyu nasoslarla təmizləməyə çalışır. Evlərdəki çatlar getdikcə artmaqdadır. Artıq iki ailə təhlükə səbəbindən evini tərk edib.
Sürüşmənin vurduğu zərərlə bağlı lazımı qurumlara xəbər verilsə də, hələlik problem öz həllini tapmayıb.