BAKI, 2 dekabr — Sputnik. Türkiyənin tanınmış ulduzu Ebru Gündeş həyat yoldaşı, ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab barədə açıqlama verib. Sputnik Azərbaycan "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətinə yaxın mənbələrdən məlumat verilib. Verilən məlumata görə, Ebru Gündeş həyat yoldaşı Rza Zərrabla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib. Tanınmış ulduz ərinin ölkəsinə zərər verəcəyindən qorxduğunu deyib.
"Həyat yoldaşım Rza Zərrabın ABŞ-a gedişi sıradan bir səfər deyil. Türkiyəyə zərər vermək məqsədilə gedə biləcəyindən qorxuram. Qorxuram ki, həyat yoldaşım Rza Zərrab Türkiyəyə zərər verə bilər", — deyə Ebru Gündeş Ərdoğana müraciət edib.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab barədə danışıb. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə görüşərkən bu barədə fikirlərini bildirib. Onun sözlərinə görə, R.Zərrab ABŞ məhkəməsində nə deməsinə baxmayaraq, Türkiyənin "alnı açıq"dır.
"Məhkəmədə nə deyirlər desinlər, prosesdə nə nəticə əldə olunur-olunsun, biz doğru olanı etdik. Embarqonu pozmadıq. Biz bu istiqamətdə ABŞ-a xəyanət etmədik. Bütün dünya Amerikadan ibarət deyil. Bizim İranla da ticarət və enerji sahəsində əməkdaşlığımız var", — deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə prokurorluğun təlimatı ilə hərəkət etməyə, Türkiyə əleyhinə hazırlanmış ittihamları təsdiqləməyə razılaşıb. R.Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışıb. O, bu istiqamətdə Türkiyə hökumətini günahlandırıb.
Xatırladaq ki, ABŞ-da həbs edilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın cinayət işi "ABŞ Atillaya qarşı" şəklində dəyişdirilib. Həmin prosesdə təkcə "Halkbank" baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib.
Mehmet Hakan Atillanın vəkili Viktor Rokko Rza Zərrab haqqında şok fikirlər söyləyib. Vəkil Zərrabın həbs cəzasından qurtulmaq üçün yalan söyləməyə hazır olduğunu və etibarlı insan olmadığını bildirib. Rokko, Zərrabın içki, narkotik maddə və qadın üçün ABŞ həbsxanasının nəzarətçilərinə rüşvət verdiyini də söyləyib.
Müdafiə vəkili olan Rokko deyib: "Hakan Atilla və Zərrab nadir hallarda əlaqə qururlar və bir-birlərini xoşlamırlar".
Rza Zərrab ötən ilin 21 mart tarixində ABŞ-ın Mayami şəhərində əvvəl saxlanılır, ardından isə həbs edilir. ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların dövriyyəsi, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaq ittihamı ilə həbs edilən R.Zərrabın 75 il həbsi istənilir.