CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ömrünün sonuna 5-6 il qalan şəxs asfalt töküb, daş daşıya bilərmi?

© Sputnik / Kirill Braga / Mediabanka keçidРабочий на стройке, фото из архива
Рабочий на стройке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Azərbaycanda pensiya üçün diferensial yaş həddinin tətbiq edilməsi təcrübəsi var, amma bəzi sahələr var ki, onlar bu güzəştlərdən kənarda qalıblar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. "Azərbaycanda pensiya üçün diferensial yaş həddinin tətbiq edilməsi təcrübəsi var. Bəzi ağır işlərdə — mədən sənayesində, dənizdə, hərbidə və s. çalışanlar üçün ayrıca yaş həddi qanunvericilikdə nəzərdə tutulur. Amma bəzi sahələr var ki, onlar bu güzəştlərdən kənarda qalıblar. Bunlardan biri də məhz tikinti sektorudur".

© Photo : SİA IAЭксперт-экономист Рашад Гасанов
Эксперт-экономист Рашад Гасанов - Sputnik Azərbaycan
Эксперт-экономист Рашад Гасанов

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, tikinti sektorunda çalışanlar 3 ildən sonra 65 yaşında pensiyaya çıxacaqlar: "Yəni, ancaq bu yaşdan sonra əmək pensiyası hüququ əldə edəcəklər. Nəzərə alaq ki, bu sektorda çalışanların əksəriyyəti məhz kişilərdir. Bu, onu deməyə əsas verir ki, bu sahədə çalışanların böyük bir qisminin pensiyaya çıxmaq üçün məhz 65 yaşı gözləməsi lazımdır".

"Amma vətəndaşın 65 yaşınadək fiziki olaraq tikinti sektorunda çalışması uyğundurmu? Bu yaşadək vətəndaşın çalışma imkanları sual doğuran məqamlardan biridir. Çünki tikinti daha çox ağır zəhmət tələb edən sektordur. Hazırda Azərbaycanda orta yaş həddi təxminən 70-71 ildir. Bu, onu deməyə əsas verir ki, insan ömrünün son 5-6 ilinədək tikinti sektorunda çalışmalıdır. Yəni, bu, tibbi baxımdan da mümkün olmayan bir göstəricidir" — R. Həsənov bildirib.

Onun fikrincə, hazırda bazar iqtisadiyyatıdır və tikinti sektorunun da böyük bir hissəsi özəl sahibkarlıq subyektləridir: "Onlar öz tələblərinə cavab verməyən, öhdəliklərin yerinə yetirilməsində geri qalan işçiləri öz fəaliyyət sahələrindən uzaqlaşdırmağa çalışacaqlar. Belə olduğu təqdirdə də təxminən 55 yaşından sonra tikinti sektorunda çalışan vətəndaşların əksəriyyəti işsiz qala bilər. 65 yaşınadək bunlar pensiya da ala bilmirlər".

Ekspertin sözlərinə görə, bu insanların bir çoxunun digər sahələrdə fəaliyyət göstərmək üçün təcrübələri də olmur: "Belə bir şəraitdə bunlar müdafiəsiz vəziyyətə düşürlər. O baxımdan, millət vəkili Siyavuş Novruzovun tikinti sektorunda çalışanların pensiyaya hansı yaşda çıxmasının müəyyənləşdirilməsi ilə bağlı təklifini dəstəkləyirəm".

Ekspert hesab edir ki, tikinti sektorunda çalışanlarla yanaşı, digər ağır işlərdə də çalışanların pensiya yaş həddinin yenidən qiymətləndirilməsi həyata keçirilməli, fərqləndirmələr aparılmalıdır: "Çünki bu, növbəti dövrlərdə sosial müdafiəsi zəifləyən, ya da zəif sosial müdafiə olunan sosial qrupun sayının, miqyasının genişlənməsinə gətirib çıxaracaq".

Onun sözlərinə görə, tikinti sektoru üçün indiki halda pensiya yaş həddi ən azı 60 yaş ola bilər: "Daha aşağı da olsa, uyğundur. Belə olsa, müəyyən qədər bu qrupun müdafiəsi güclənər. Amma burada da fərqləndirmələr aparmaq olar. Tikinti sektorunda çalışmaq o demək deyil ki, hamısı ağır fiziki zəhmət tələb edən işlərdə çalışırlar. Bu sektorda hansı vəzifədə çalışmasından asılı olaraq fərqləndirmə aparıla bilər. Məsələn, tikinti şirkətində fəhlə var, mühasib var. Bunlar fərqləndirilməlidir".

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazir müavini pensiyaların nə qədər artırılacağını açıqladı

"Azərbaycanda pensiya sisteminə keçid sahəsində MDB ölkələri ilə müqayisədə mühüm addımlar atılıb. Buna baxmayaraq müəyyən məsələlər qalmaqdadır, Azərbaycanda ağır işdə çalışanların pensiya yaşının digərləri ilə eyni olması məsələsi diqqəti cəlb edir".

Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisdə 2018-ci il üzrə büdcə müzakirələri zamanı bildirib. O, qeyd edib ki, Azərbaycanda pensiyaya çıxan zaman ağır işlər siyahısında əsasən, kimyəvi zavodlar və digər yerlər nəzərdə tutulur: "Bu da işləyənlərin 2-3 faizini əhatə edir. Lakin elə sahələr var ki, onlar ağır iş kimi nəzərdə tutulmayıb. Bizdə pensiya yaşı 65-dir. Belə olan halda, kiminsə 63 yaşı varsa, tikintidə işləmək gücü yoxdursa, necə kubik daşıyıb, asfalt tökməlidir?"

"Buna görə də belə insanlar müəyyən yollarla əlillik dərəcəsi alıb pensiyaya çıxırlar. Bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır. Azərbaycanda tikinti sektorunda çalışanların pensiyaya hansı yaşda çıxmağı müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə də pensiya yaş həddini oymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq. Digər ölkələrdə 25 il bir yerdə çalışanların pensiyaya çıxmaq hüququ var" — deputat bildirib.

Xəbər lenti
0