Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 noyabr — Sputnik. "Azərbaycanda ünvanlı sosial yardımın birmənalı şəkildə ləğv edilməsi çox mürəkkəb bir prosesdir. Hətta bəzi hallarda mümkün olmayan prosesdir. Çünki söhbət ünvanlı sosial yardımın özünəməşğulluq proqramlarının tətbiqi yolu ilə aradan qaldırılmasından gedir".
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, hər bir insan üçün biznes şəraitinin yaradılması və ona özünüməşğulluğun təmin edilməsi heç də real görünmür: "Çünki burada, faktiki olaraq hər hansı bir fəaliyyətin uğurla tamamlanmasında və öz məşğulluğunu təmin edə bilməsində potensialı olmayan qrup çoxdur".
"Bu insanlara birdəfəlik ödənişlər ediləcəksə, istehsal vəsaitləri ilə təmin olunacaqsa, bu zaman böyük ehtimalla qısa müddətdə işlər uğursuz olacaq və bu istehsal vəsaitləri insanların əlindən çıxacaq. Son nəticədə ondan sonrakı dövrdə bu insanlar tam təminatsız qalacaqlar. Yəni, müdafiəsiz sosial vəziyyətlə üzləşəcəklər" — Həsənov bildirib.
Bu baxımdan o düşünmür ki, əvəzlənmə yolu ilə yaxın gələcəkdə, ən azından növbəti 20 ildə Azərbaycanda ünvanlı sosial yardımı birbaşa ləğv etmək mümkün olsun: "Qərar qəbul etmə orqanları birmənalı şəkildə bunu kəsib ata bilər. Amma real olaraq bu sosial qrupun təminatını alternativ yollar ilə gücləndirib sosial yardımın birdəfəlik ləğv edilməsi nəzəri və praktiki baxımdan mümkün görünmür".
Ekspertin fikrincə, hazırda dünyada bu istiqamətdə müəyyən trendlər formalaşır: "Bu, ondan ibarətdir ki, insanların davamlı olaraq dövlət yardımlarından asılılığının aradan qaldırılmasına üstünlük verilir. Və özünəməşğulluğun gücləndirilməsi əsas məsələlərdən biridir".
"Azərbaycanda da əvvəlki dövrlərdə pilot layihələr şəklində müəyyən işlər görülüb, amma bu, sonradan müəyyən qədər unudulub. 2016-cı ildə dövlət başçısının sərəncamı ilə bu istiqamətə vəsait ayrılıb. Artıq əksər rayonlarda az sayda insanlar olsa belə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bunlarla işlər aparılıb və onlara müəyyən şərait yaradılıb" — həmsöhbətimiz xatırladıb.
İqtisadçının sözlərinə görə, dünya təcrübəsi göstərir ki, biznes fəaliyyətinə başlamaq, kiçik sahibkarlıqla məşğul olmaq heç də hər adamın bacaracağı iş deyil: "Bu baxımdan da bəzi hallarda dünyada fəaliyyətə bsaşlayan hər 100 müəssisədən 70-80-ni uğursuz olur. Bu, özünəməşğulluq proqramı çərçivəsində də müşahidə olunacaq. Ona görə də bu istiqamətdə daha ehtiyatlı siyasətin həyata keçirilməsinə ehtiyac var".
"Digər tərəfdən, hazırda müəyyən qədər təlimlərdə iştirak edən, bacarıqlarını sübut edənlərə bu vəsaitlər verilir. Təxminən 250 min nəfər hazırda sosial yardımdan yararlanır. Bu qədər insanın birmənalı olaraq özünəməşğulluqda uğurlu olacağını demək çox çətindir. Başqa seçimin də qoyulmaması son nəticədə bu insanların gələcək təminatını risk altına alır" — R. Həsənov vurğulayıb.
Özünəməşğulluğun üstünlüklərinə gəlincə, ekspert deyib ki, burada dövlətin davamlı dəstəyindən asılılıq azalır: "Büdcə vəsaitlərinin daha səmərəli istiqamətə yönəlməsi təmin olunur. Korrupsiya predmetinə çevrilməsi imkanları məhdudlaşır. İnsanların gələcək təminatında öz iradəsi və bacarıqlarının rolu gücləndirilir".
Onun dediyinə görə, özünəməşğulluğun nöqsanlı tərəfi də var: "Məsələn, hər bir adam bunu icra edə, həyata keçirə bilmir. Hazırda inkişaf etmiş ölkələrdə daha çox özünəməşğulluğa üstünlük verilir. Amma söhbət bacarıqların qiymətləndirilməsi və buna uyğun şəraitin yaradılmasından gedir".
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli də ciddi nəticələrin əldə ediləcəyinə inanmır. O, Sputnik Azərbaycan-a açıqlamasında, ölkədə kiçik və orta sahibkarlığın vəziyyəti, inkişafı ilə bağlı problemlərin olduğunu deyib.
"Ailə biznesi tamamilə təşəkkül tapanda məşğulluğa keçilir. 2016-cı ildə dövlət başçısı tərəfindən "ABAD Xidmət" (Ailə Biznesinə Asan Dəstək) yaradılıb. "ABAD Xidmət" hələ bölgələrdə tam özünü formalaşdırmayıb, strukturlaşmanı tam başa çatdıra bilməyib. Çünki kifayət qədər böyük vəsaitlərdən söhbət gedir. Eyni zamanda, özünəməşğulluğun təminatı ilə bağlı azad sahibkarlıq imkanlarının artırılmasına dair təşəbbüslər olmalıdır. Bu sahədə kifayət qədər ciddi problemlərimiz var" — Hüseynli bildirib.
Onun sözlərinə görə, əsasən ünvanlı sosial yardım almaq üçün müraciət edənlər kənd yerlərində məskunlaşmış vətəndaşlardır: "Eyni zamanda, Bakıda müraciət edənlər xüsusilə heç bir fəaliyyət sahəsi olmayan insanlardır. Bunlara dövlət tərəfindən yardımlar edilir. Amma qəti şəkildə əmin olmaq ki, 6-7 ilə ünvanlı sosial yardımın tamamilə aradan qaldırılmasına nail ola biləcəyik, bunlar sadəcə proqnozlardır".
Ekspert ünvanlı sosial yardımların mütəşəkkil halda olmasını, ölkənin böyük əksəriyyətini əhatə etməsini də dəstəkləmir: "Bu, insanlarda bir qədər əməkdən yayınma, imtina, arxayınçılıq tendensiyaları yaradır, işgüzarlıq qabiliyyətini aşağı salır".
Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ünvanlı sosial yardımların tamamilə ləğv ediləcəyini bəyan edib: "Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib".
Nazir bildirib ki, növbəti ildə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bu yolla ailə tərkibində əmək qabliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemini aradan qaldırmış olacağıq".
"Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə, ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumundan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirərək yardım verəcək".