CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siz də məyus olacaqsınızsa, bəri başdan oxumayın

© Sputnik / Murad OrujovPulqabında manatlar, arxiv şəkli
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onların sayı yarım milyon nəfərdən çoxdur

BAKI, 20 noyabr — Sputnik. 1990-cı illərin əvvəllərindən Almaniyada yaşayan bir tanışım gəlmişdi Vətənə. Təbii ki, müvəqqəti – bir neçə günlüyə.

Gəlişini eşidər-eşitməz, Yeni Zelandiya maorilərinin əlinə ağ adam düşmüş kimi, buradakı bütün tanış-biliş onu dövrəyə aldı. Zarafat deyil, adam elə bir ölkədən gəlib ki, oraya sığınan hər bir əcnəbiyə hər ay havayıdan 400 avroyadək (800 manat) sosial müavinət ödənilir. Özlərinin işləməyən hər vətəndaşına isə, bundan 40 faiz artıq (təxminən 550 avro – 1100 manat) çörəkpulu verirlər.

Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sizdən xəbərsiz barənizdə qərar veriləcək – xəbəriniz olsun

Və elə bir ölkədən gəlib ki, orada bomjların acından ölməmələri, həmçinin havayıdan pul gəldiyini düşünməmələri və özlərini gözükölgəli hiss etməmələri üçün, dövlət onlara it saxlamağı təklif edir, bunun qarşılığında da əmək haqqı ödəyir.

Sözümü nəyə gətirirdim…? Aha, tanışımız çox şeylər danışdı Almaniya haqda. Ağlımıza belə, gəlməyən insani yaşam formasını, onun necə qurulduğunu, necə idarə olunduğunu və necə bir ideal cəmiyyət formalaşdırıldığını anlatdı.

Təbii olaraq bu söhbətin, qardaşın başına toplaşan biz azərbaycanlıları ən çox valeh edən qismi – "işləmə, hər ay havadan 1000 manat al" idi. Elə hey fırladıb ordan sual verirdik, "sən Allah, doğrudan, işləməyənlər filan qədər pul alırlaaar?" deyə.

Qafasını xeyli dərəcədə almanlaşdırmağı bacarmış tanışımız da, nəhayət bizi inandıra bildi ki, bütün bunlara baxmayaraq, Almaniyada işsizlərin sayı çox azdır. Bunun birinci səbəbi dövlətin iqtisadi qüdrətinə bağlıymışsa, ikinci səbəb bir alman qüruru ilə əlaqəliymiş. Yəni, orada "boş-boş gəzim, dövlət də qarnımı doyursun" yanaşmasını cüzi kəsim öz heysiyyatına sığışdırarmış…

Yuxarıda nəql etdiyim bu hadisə ötən il yaşanıb. İndi xatırlamağım da təsadüf olmadı. Belə ki, bu günlərdə Azərbaycanda ünvanlı sosial yardımların ləğv olunacağı xəbəri yayıldı.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rəsmən bəyan etdi ki: "Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb".

Pul - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ünvanlı sosial yardım ləğv edilir, əvəzində isə...

Nazir bildirdi ki, növbəti ildə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bu yolla ailə tərkibində əmək qabliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemini aradan qaldırmış olacağıq".

"Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə, ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək" – Müslümov fikrini belə yekunlaşdırdı.

Etiraf edək ki, bu xəbər çoxumuzu məyus etdi. O cümlədən, mənim rayondakı, ünvanlı sosial yardım alan bəzi məhəllə uşaqlarımı. Həmin uşaqları ki, veyil-veyil gəzib dövlətdən ayda 150 manat (onun da ilk 6 aylığı özünə qismət olmur) yardım almağı, daşı daş üstünə qoyub hər axşam evinə 15 (ayda 450) manat aparmaqdan üstün tuturlar, "gəl, filan işi gör, 50 manat verim" deyəndə ağızlarını əyirlər, səhər-axşam da kasıblıqdan gileylənirlər.

Beləcə, onların timsalında ölkədə ələbaxan, gözükölgəli, tənbəl, bivec bir nəsil yetişdi. Təsəvvür edirsiniz, cari ilin rəsmi statistikasına görə, onların sayı yarım milyon nəfərdən çoxdur…

İndi, əlindəki yavan çörəyi və kol dibində çöməlib siqaret sümürməyə həsr etdiyi boş vaxtı itirmək təhlükəsi yaranıb mənim məhəllə uşaqlarımın. Ard-arda zəng edirlər, "sən canın, de ki, yalan söhbətdir, yardım kəsilmir" deyə eşitmək istədiklərini eşitmək istəyirlər məndən. Cavabı da dinləməmiş, "yoxsa batarıq e" deyə boynuma minnət qoyurlar.

Bəlkə də ömrümdə ilk dəfə kasıb təbəqədən olan həmvətənlərimin məyusluğu qarşısında bu qədər sevinirəm. Ya da özləri desin: Sizi bağışlamaq olarmı?

Xəbər lenti
0