BAKI, 23 noyabr — Sputnik. "Parlamentdə çalışan əməkdaşlar bütün sahələr üzrə dövlətin işlərində yaxından iştirak edirlər. İmkan olsa, onların əmək haqqının artırılması daha yaxşı olar".
Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentdə Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetasının müzakirəsi zamanı deyib. Millət vəkili parlamentə ayrılan vəsaitin artırılmasını təklif edib.
"Parlamentin işləri nəzərdə tutulandan da çox ola bilər. Milli Məclisin üzvləri xaricə ezam olunurlar. Bunun üçün vəsait tələb olunur. Bizim kifayət qədər dostluq qruplarımız var və yaxşı da işləyirlər. Dostluq qruplarının Azərbaycan gəlib buradakı inkişafı, görülən işləri öz gözləri ilə görmələri, əyani tanış olmaları mühümdür" — deputat bildirib.
"Qonaqların Azərbaycan ilə əyani tanış olmaları daha yaxşıdır. Bunun üçün də müəyyən qədər vəsait əlavə oluna bilər" — Novruzov əlavə edib.
O vurğulayıb ki, müxtəlif kitabların çap olunmasına parlament özü dəstək verməlidir: "Məsələn, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı. Elə kitablar var ki, başqa dillərə tərcümə olunmalıdır. Lakin bunun üçün də vəsait lazımdır".